​Səni söz adamları kiçiltdi, Şuşa... - Çinarə Ömray yazır

​Səni söz adamları kiçiltdi, Şuşa... -
15:23 12.09.2022
A- A+

Qarabağ...30 il...minlərlə igidin ömrü…

Kim nə yazsa, kim nə desə, yenə də bu hissləri tam ifadə edə bilməz. Mən bunu Qubadlıdakı evimizə hər gedəndə daha da çox dərk edirəm…

Bir ömrə həm məğlubiyyət, qaçqınlıq, ağrılar, həm də qələbə, qayıdış, xoşbəxtlik sığışdıra bilmiş unikal adamlarıq biz. Unikal da deyirəm, amma nəsə elə bil heç unikal da o söz deyil e.

Müharibədən dərhal sonra az qala hər gün haqqında bircə dənə də olsa, "status" açılan Şuşadan yazmaq istəyirəm.

Şuşada şəhid olanların ruhları qarşısında baş əyərək demək istəyirəm:

- Məni bağışla, Şuşa! Amma sən mənə səmimi gəlmirsən. Sənin sirrini də, səmimiyyətini də aldılar əlindən elə bil. Abırlı, həyalı, ağzı yaşmaqlı, başı kəlağayılı bir kənd adamını necə başını “avropa”, “müasirlik” adıyla açıb, yaşmağını da çıxardıb, universitetli, sərbəst həyatını yaşayan qıza çevirərlər haa, səni elə dəyişdilər e, Şuşa. Adam nə bu azadlığını, açıqlığını tənqid edib “kəndçi” görünmək istəyir, nə də bu halınla barışmaq, səni bu qədər əlçatan görmək istəyir. Səni daha çox söz adamları əlçatan etdi, səni kiçildib "status" səviyyəsində müzakirə mövzusuna çevirənlər kiçiltdi. Nə olardı ki, adını belə dillərinə almağa qıymayanların qoruduğu ucalıqda saxlaya bilsəydilər səni?!

Bu gün sənə gəlmək, səni görmək o qədər rahatdır ki...Amma niyəsə mən həmişə arzum olan səni yox, gizli, leqal da olsa, bir yollarla Laçını, Kəlbəcəri görməyə gedirəm.

İcazə vermə, Şuşa, uğrunda tökülən qanlara xatir, icazə vermə səni bu cür sürətlə "müasirləşdirsinlər"! Axı, biz səni qırmızı qoftalı, yaşıl tumanlı sevmişik. Biz müharibədən çıxmış travmalı adamlarıq. Bizə bir də qırmızı “krop”lu, yaşıl “şortikli” travması yaşatma!"

Çinarə Ömray