​Mən nə istəyirdim? - İlahə Səfərzadə yazır...

​Mən nə istəyirdim? -
15:08 30.09.2022
A- A+

Həmin sentyabr günü səhər gözlərimi açan kimi ilk baxdığım saat oldu. Səkkizə on dəqiqə qalmışdı. Həyəcanlı və stressli olduğum günlərdə gecələr yata bilmirdim. Yatanda isə daha çox dəhşətli dərəcədə qorxulu yuxular gördüyüm üçün başımda kəskin ağrılar hiss edirdim. Həmin gün yenə o küt, beynimin içini yeyib bütün gecə əzab verdiyi az imiş kimi mənə gecəki yuxudan qorxunc hissələr göstərən o zalım yuxunu təkrar xatırlatmağa çalışırdı. Gördüyüm yuxuya məhəl qoymamağa çalışdım. Hər şeyin yaxşı olacağına inanmaq istəyirdim.

Masanın üstündən son günlər oxuduğum kitabı götürdüm. Bunu mənə rəfiqəm hədiyyə etmişdi. Yeri gəlmişkən, deyim ki, o çox şən, sevimli bir qızdır. Atasıgil ali təhsil almağına izin verməsələr də tibbə dair oxumadığı kitab qalmayıb. Həmçinin bir neçə dil bilir. Elə bu kitab da ingiliscə idi. Kitabı əlimə alıb vərəqlədim. Burada Dünyada məşhur olmuş bir neçə xanım və onları uğura aparan pillələr barədə söhbət gedirdi.

Kim bilir? Bəlkə, mən də onlardan biri olacaqdım? Ola bilsin, insanların həyatını xilas edən bir həkim, vətəninə layiqincə xidmət edən bir siyasətçi, Dünyaya elmi töhfələr vermiş bir alim, ya da... Ya da nəbilim, bəlkə, bir pilot. Düzdür, mən bunlardan heç biri olmayıb çox adi, sıradan bir insan da ola bilərdim. Və yaxud da Dünyanı gəzər, müxtəlif mədəniyyətlərlə tanış olar, müxtəlif xalqlara mənsub insanların hansı əxlaq kodeksləri daxilində yaşadığına şahid olardım. Sevdiyim bir insan olar, onun mənə baxışlarında özümü tapardım. O, mənə dondurma alar, mən xoşbəxt olardım. Ola bilsin, arada bir dalaşardıq. Mən onun nömrəsini blok edər, sonra dözə bilməyib açardım. Mənə zəng edib könlümü almağını gözləyərdim. O isə... O isə təbii ki, mənə zəng edər, bir neçə xoş sözündən daşlaşmış ürəyim yumşalardı. Fikir verdinizsə, öz ürəyimə daşlaşmış dedim. Nə qədər gülməlidir, hə? Bəzən, sevgi şeirlərində aşiqin sevgisinə məhəl qoymayan canana “zalım” deyirlər. Mənim ən çox gülümsədiyim nüans elə bu olur. Axı burada hansı zalımlıqdan söhbət gedir? İnsanların yaşamaq haqlarını əllərindən alan zülümlər mövcud ikən niyə canan zalım olur? Yeri gəlmişkən, mən özüm də ədəbiyyatçıyam. Uşaqlıqdan sevdiyim fənn olub. Elə bəlkə də, mən ədəbiyyat sahəsində uğur qazanacaqdım. Ümumiyyətlə, yaşamaq üçün uğur qazanmaq vacibdirmi? Ləyaqətlə yaşamaq, yaşaya bilmək özü bir uğur deyilmi?

Bəlkə də, Dünyanın ən məşhur şairlərindən olacaqdım. Ola bilsin ki, hələ doğulduğum şəhərin adını özümə nisbə seçəcəkdim. Bəlkə də, min il sonra mənim əsərlərimin nüsxəsi hansısa muzeylərdə saxlanacaqdı. Xəyal qurmaq nə gözəldir! Hər halda bu da yasaqlanmayıb ki.

Lakin xəyal qurub sadaladığım bu düşüncələrin heç biri olmayacaqdı. Mən sadəcə yaxınlarımın və məni sevən insanların məzarımın üstündə axıdacağı yaşlarla kifayətlənəcəkdim. Əslində isə, mən də bir insan olaraq həyatımda baş verəcək hər şeyi yaşamağa və görməyə üstünlük verərdim.

İçimdə baş qaldıran yaşamaq eşqi məni öz haqqımı tələb etmək üçün şəhərdəki izdihama doğru aparırdı.

Bu gün quru çörək belə mənə ləzzətli gəldi. Təndir çörəyi bu Dünyadakı ən gözəl nemətlərdəndir, yəqin ki. Uşaqlıqdan bəri çox sevmişəm. Uşaqlıq demişkən, elə mən hələ də uşağam da. Nə zaman böyüdüm ki? Nə zaman ölümün qoxusunu bədənimdə hiss edəcək yaşa gəldim?

Çörəyimi yeyib bitirərkən Dünyadakı böyük uğur qazanmış qadınlar barədə kitabın oxuduğum yerə qədərki səhifəsinin arasına əlfəcin qoydum.

Ayağa qalxıb sarı uzun saçlarımı arxada topladım. Hər şeyin yaxşı olacağına doğru ümid edərək qapıdan çıxdım. Nədənsə Dünyada öz işləri ilə uğur qazanmış qadınlar barədə deyil, qadın haqlarını sonuna qədər müdafiə etmiş qadınlar barədə düşünmək istəyirdim. Çünki haqlarımızın olmadığı cəmiyyətlərdə uğurlarımızın nə mənası var?

İçimdə yaşamaq arzusunun sonsuz olmağına baxmayaraq addımlarım davam etdikcə ayaq səslərimi mənə yaxınlaşan caninin ayaq səsləri olaraq hiss edirdim. “Sonunu düşünən qəhrəman olmaz” –deyib addımlarımı daha inamlı atmağa başladım.

Və... 6 güllə yarası... Bu güllələr əslində, mənə deyil, qadın azadlığının düz ürəyinə nişan alınmış güllələr idi...

Doğrudur, indi cismən yoxam, amma mənən varam. Hər zaman da var olacam! İndi mənim ruhum heç olmadığı qədər azaddır. İndi mən artıq kiminsə qəhrəmanıyam. İndi Dünya məni müzakirə edir. Bəlkə, yaşayarkən yox idim. Amma indi, məhz indi mən varam artıq!

İlahə Səfərzadə