​Şuşada qurulacaq seysmik stansiya hazırdır

​Şuşada qurulacaq seysmik stansiya
15:40 11.10.2022
129 Layihə
A- A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında onlayn görüş keçirilib.

RSMX-dən bildirilib ki, görüşdə iki qardaş ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi, AFAD-ın Zəlzələ Departamentinin Azərbaycana hədiyyə etdiyi və Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulan seysmik stansiyanın quraşdırılması ilə bağlı müzakirələr aparılıb.

İki ölkə arasında seysmoloji əlaqələrin hazırki vəziyyəti ilə bağlı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin baş meneceri, professor Orhan Tatar iştirakçılara məlumat verib.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, RSXM üçün Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir. Həmçinin, baş direktor Şuşa şəhəri ətrafında Türkiyə tərəfindən verilən seysmik stansiyanın quraşdırılmasına da toxunub. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə olan mina təhlükəsinin tam aradan qaldırıla bilməməsi mərkəzin Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı işlərini ləngidir.

AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer bildirib ki, artıq Azərbaycana veriləcək stansiya hazırdır və yaxın vaxtlarda AFAD-ın nümayəndələri həmin stansiyaların quraşdırılması ətrafında texniki müzakirələri aparmaq üçün Azərbaycana səfər edəcəklər. Müzakirələr zamanı Şuşa ətrafında quraşdırılması nəzərdə tutulan stansiya yerinin seçilməsi, stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.