​Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçilib

​Şuşa Tarixi Şəhərlər Liqasına
12:55 16.11.2022
A- A+

Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şuşanın liqaya üzv seçilməsini TŞL-in baş katibi Shibata Shigenori elan edib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edib. O, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assembleyanın iştirakçılarına məlumat verib.

Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq bir platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.