​Azərbaycanda “Açıq Məlumatlar Portalı” yenilənib

​Azərbaycanda “Açıq Məlumatlar Portalı”
18:00 28.11.2022
A- A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində “Açıq Məlumatlar Portalı”nın yenilənmiş versiyasının təqdimatı olub.

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, yeni vesiyada bir neçə dövlət qurumunun 20 kateqoriya və 500-dən çox xidmətlə bağlı açıq məlumatları mövcuddur.

“Açıq Məlumatlar Portalı” dövlət orqanlarında və digər qurumlarda formalaşan açıq məlumatların insan və maşın tərəfindən oxunabilən və rəqəmsal formatlarda təqdim edildiyi sistemdir. Portal ölkədə olan açıq məlumatları vahid bir platformada toplayaraq onları müxtəlif formatlarda təqdim edir. Layihəni nazirliyə məxsus ‘’AzİnTelecom’’ MMC icra edib.

Yeni versiyada son texnologiyaların tətbiqi ilə daha dayanıqlı arxitekturanın qurulması, yeni dizayn ilə istifadəçi rahatlığının təmin edilməsi və məlumatların maşın tərəfindən də oxunabilən formatlarla yanaşı insan tərəfindən oxunabilən formatlarda da (JSON, XML, CSV, XLS, DOC, PDF) təqdim edilməsi təmin edilib. Eyni zamanda Portalda mövcud olan kateqoriyalar zənginləşdirilib, yeni xidmətlərin əlavə edilməsi funksionallığı asanlaşdırılmış və istifadəçilər üçün genişləndirilmiş axtarış imkanı əlavə olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini vəzifəsini müvəqqəti icra edən Rəşad Xalıqov bildirib ki ”Açıq Məlumatlar Portalı”nın inkişafı ölkədə rəqəmsal inkişaf sahəsində atılan vacib addımlardan biridir.