​İngiltərədə "Strep A" təhlükəsi: 9 uşaq öldü

​İngiltərədə
16:28 06.12.2022
64 Dünya
A- A+

İngiltərədə "Strep A" bakteriyasının törətdiyi infeksiyadan ölən uşaqların sayı 9-a yüksəlib.

Belə ki, Şimali İrlandiyanın paytaxtı Belfastda 5 yaşlı qız "Strep A" bakterial infeksiyasından ölən 9-cu uşaq olub.

Böyük Britaniyanın Təhsil üzrə Dövlət Katibi Nik Gibb bildirib ki, "Strep A" xəstəliyindən təsirlənən məktəblərə infeksiyanın məktəblərdə yayılmasının qarşısını almaq üçün antibiotiklər verilə bilər. Gibb antibiotiklərin istifadəsinin bir seçim olduğunu və məsələnin dünən Lordlar Palatasında qaldırıldığını bildirib.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) mövzu ilə bağlı verdiyi açıqlamada ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib və xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, "Strep A" bakteriyası insanların boğazında və dərisində məskunlaşır, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olur. Bədənin bəzi yerlərində qızartı və dəri infeksiyasına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər. Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.

Mənbə: Trt haber