​DİM-dən qalmaqallı imtahanla bağlı AÇIQLAMA - İmtahan yenidən...

​DİM-dən qalmaqallı imtahanla bağlı AÇIQLAMA
14:48 10.03.2023
245 Sosial
A- A+

Dövlət İmtahan Mərkəzinin martın 5-i keçirilmiş 11 illik məktəblilər üçün buraxılış imatahanları şagirdlər arasında ciddi etirazla qarşılanıb. Buna səbəb kimi sualların həddindən artıq çətin olması və suallarda səhvliklərin olması göstərilib. 

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Referans.az-a açıqlama verib.

“İmtahanlarda istifadə olunan tapşırıqlarda hər hansı elmi-metodiki yanlışlıq aşkar olunmayıb. Hər bir tapşırıq qüvvədə olan dərsliklərə və proqrama uyğun tərtib olunub. İmtahanın yenidən keçirilməsinə gəlincə, imtahan bir dəfə təşkil olunur. Yenidən imtahanın keçirilməsi nəzərdə tutulmur”.

Təhsil üzrə ekspert Kamran Əsədov belə hallarda imtahanların yenidən keçirilməsinin düzgün olmayacağını qeyd edib.

“Dövlət İmtahan Mərkəzi Azərbaycanda şəffaf, obyektiv və əlçatan imtahan keçirən qurumdur. DİM-in imtahanları etibarlılığına görə dünya reytinqində olan bir sistemə malikdir. Təbii ki, buraxılış imtahanlarının test tapşırıqlarını təhlil etsək görərik ki, müəyyən qədər çətin suallar ola bilər. Martın 5-i keçirilən imtahanda da şagirdlər Riyaziyyat fənnindən və Azərbaycan dilində olan mətndə olduqca çətinlik çəkdilər. Amma bu o demək deyil ki, DİM bu imtahanı yenidən keçirməlidir. Əgər imtahanda salınmış test tapşırıqlarında çoxsayılı səhvliklər və qüsur vardırsa o zaman əlbəttə, bu mümkündür. Ümumiyyətlə Azərbaycanın təhsil təcrübəsində buraxılış imtahanlarının təkrar keçirilməsi təcrübəsi yoxdur. Mən hesab edirəm ki, sualların hamısı çətin olub demək yanlış olardı. Suallar ümumilikdə asan və çətin olaraq 2 tipə bölünür. İmatahana güclü hazırlaşan şagirdlər təbii ki, 80-85 faiz nəticə göstərə bilərdilər. Sualların çətin olması və çox vaxt aparması ilə bağlı iradlara qatılıram, ancaq imtahan yenidən keçirilməməlidir”.