​"Müdafiə Nazirliyi xəbərdarlıq edib, artıq gözləməyəcəyik, yaxın günlərdə..." - AÇIQLAMA

​
11:45 16.03.2023
74 Hərbi
A- A+

Ötən gün gecə saatlarından etibarən ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Kəllbəcər, Daşkəsən, Xocalı və Xocavənddəki mövqelərini atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Son zamanlar düşmənin təxribatlarını intensivləşdirdiyi müşahidə edilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hadisələr qarşı tərəfin sülh gündəliyindən uzaq olduğunu göstərir:

“Davam edən hərbi təxribatların həm də siyasi motivli olması şübhəsizdir. Əgər Ermənistan hərbi-siyasi hakimiyyəti regional əməkdaşlıq idealında maraqlı olsa idi, təxribatlar törətməz və ya buna imkan verməzdi. Provokasiyaların təkrarlanmasının əsas səbəblərindən biri də, şübhəsiz ki, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğudur. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannamələrin tələblərinə zidd olaraq, terrorçular hələ də torpaqlarımızdan çıxarılmayıb. Nə Moskva öhdəliyini yerinə yetirir, nə də İrəvan. Son təxribatlar göstərir ki, Qarabağdakı separatçılar təhlükəsizliyimiz və maraqlarımız üçün təhdiddir. Deməli, biz öz maraqlarımız naminə bu təhdidi aradan qalırmalıyıq”.

Müsahibimiz xatırlatdı ki, Müdafiə Nazirliyi artıq bir neçə dəfə qarşı tərəfə xəbərdarlıq edib və təxribatlara cavab olaraq adekvat tədbirlərin görüləcəyini deyib:

“Fikrimizcə, qarşı tərəf bu xəbərdarlıqlardan dərs çıxarmalıdır. Əks halda, yaxın günlərdə növbəti anti-terror əməliyyatlarının başlanması mümkündür. Azərbaycan maraqlarının təmin olunması üçün müvafiq addımları atmaq iqtidarındadır. Biz bunun üçün kiminsə müdaxiləsini, qərarını gözləməyəcəyik”.