​Hövsanda yaşayanlar üçün ƏLA XƏBƏR - Yaxın günlərdə...

​Hövsanda yaşayanlar üçün ƏLA XƏBƏR
14:35 16.03.2023
110 Sosial
A- A+
Son günlər Zığ-Hövsan yolunun qaranlıq olması, avtomobillərin hərəkətində çətinlik yaranması ilə bağlı sosial şəbəkədə şikayətlərə rast gəlinir. Bildirilir ki, sözügedən yolda işıqların yanmaması səbəbindən avtomobil qəzaları baş verir, piyadalar vurulur.

Referans.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlama verib.

“Həmin ərazidə əsas yol hərəkəti üzrə təmir bitib. Hələ ki, işıqlar şəbəkəyə qoşulmayıb. Əvvəllər həmin ərazidə işıqlandırma sistemi, ümumiyyətlə, olmayıb. Təzə layihə üzrə orada yeni işıqlandırma sistemi qurulur. İndi onun mövcud şəbəkəyə qoşulması, test, sınaq işləri həyata keçirilir. Yaxın günlər ərzində həmin yolda işıqlar yanacaq”.

Qəzaların baş verməsinə gəlincə isə, Agentlikdən bildirilib ki, yolda tikinti gedən vaxt mövcud şəraitə, yol nişanlarına uyğun hərəkət olmalıdır. Əgər yolda 60 km/saat sürət nəzərdə tutulubsa, sürücülər sürəti qaldırmamalıdırlar. 

Qeyd edək ki, bir neçə ay əvvəl Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı Prezident tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, 58 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb.