​“Ermənistan regionda sülhə əngəl olmaqda davam edir”

​“Ermənistan regionda sülhə əngəl olmaqda davam edir”
15:56 16.03.2023
A- A+

“Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır”.

Bu, Xarici İşlər Nazirliyinin (XİN) martın 16-da Ağdam rayonunda mina partlayışı nəticəsində 2 nəfər dinc sakinin həlak olması ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir: “Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”.

Rəsmi məlumata görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanına çevirilib, onlardan 48 nəfər həlak olub.