​Paşinyan onları Bakıya təhvil verəcək - ŞOK İDDİA

​Paşinyan onları Bakıya təhvil verəcək
15:26 29.09.2023
191 Siyasət
A- A+

Son günlər Qarabağın dağlıq hissəsində baş verən hadisələri separatçılar üçün "sonun başlanğıcı" olaraq qiymətləndirmək olar. Azərbaycanın “qalın, getməyin” təkliflərinə baxmayaraq, separatçılar tərəfindən bölgədən göndərilən sıravi ermənilərin Ermənistana qaçması isə görünür başda Rusiya sülhməramlıları olmaqla, bir çox qüvvələrin maraq dairəsindədir. 

Hadisələrin bir-birinin ardınca baş verməsi, eləcə də separatçılar üçün halqanın daralması onlara görə ölümə bərabər bir situasiyadır desək, yanılmarıq. Son bir həftə ərzində baş verən olayların xronoloji ardıcıllığı isə onu deməyə əsas verir ki, 30 ildən çoxdur Qarabağda yuva salmış, indi isə qapana qısılan separatçıları nə Ermənistan, nə də digər ölkələr qəbul etmək niyyətində deyil. 

Azərbaycanın 19-20 sentyabrda antiterror əməliyyatlarına start verməsindən sonra qondarma “Artsax Müdafiə Ordusu”nun ağ bayraq qaldıraraq özünü buraxması, əslində, separatçı xunta üçün kəndirin nazildiyi yerdən qopması anlamına gəlir. Elə daha sonra baş verənlər də fəlakətin onlar üçün hələ qabaqda olması anlamı daşıyırdı. Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbsi, Xocalı qatili Vitali Balasanyanın Əsgərandakı evində sonunu gözləməsi, qondarma rejimin yeni “seçilən” “prezident”i Samvel Şahramanyanın tanınmamış “DQR”in buraxılması üçün imzaladığı “fərman”, Azərbaycan xüsusi-xidmət orqanlarının və silahlı qüvvələrin Ağdərə, Xocavənd və Xankəndiyə girməsi və digər amillər buna sübut ola bilər. 

İndiki mərhələdə Qarabağdan könüllü surətdə Ermənistana gedən ermənilərinİrəvanda bomba effekti yaratması təhlükəsi var. Bir çox analitiklər düşünür ki, Qarabağı tərk edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinə xüsusi nifrəti ilə seçilən şəxslərdir və onların Paşinyan hakimiyyətinə qarşı baş verə biləcək hər hansı bir etiraz aksiyalarında maşa rolu oynaması istisna deyil. Doğrudur, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan başda olmaqla, bir çox separatçı komandirlər, habelə “Qarabağ klanı”nın bəzi üzvləri Ermənistana qaçsa da, Paşinyanın “qara siyahı”sında olan bir neçə separatçı xunta üzvü də var ki, onlar üçün Ermənistana getmək Qarabağda qalmaqdan daha təhlükəlidir. 

Qeyd edək ki, ötən gün Ermənistanın “Hraparak” nəşri də separatçı liderlərin Qarabağda olması ilə bağlı bir məqalə paylaşmışdı. Nəşr yazırdı ki, hazırda separatçı rejimə məxsus bir çox “komandirlər”, “eks-prezidentlər” və tanınmamış “DQR”də fəaliyyət göstərən bəzi “qurumlar”ın nümayəndələri bu günə qədər Xankəndini tərk etməyib. Bildirilib ki, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digər separatçı “rəhbərlər” hələlik Xankəndidədir və onların bölgədən çıxması mümkünsüzdür.

Ermənilərin Qarabağı tərk etməsi fonunda bir çox erməni konfliktoloq və siyasilər isə rəsmi İrəvanın Qarabağ separatçılarına dəstək çıxmamaqda, habelə onların Ermənistana gəlməsində maneələr törətməkdə ittiham edirlər. İddialara görə, Nikol Paşinyan hakimiyyəti başda Araik olmaqla digər bölücü “siyasilər”in Ermənistana ayaq basacağı təqdirdə onların Azərbaycana ekstradisiya ediləcəyini bildirib. Məhz buna görə də Araik və ətrafı hazırda Xankəndidə gözləmə mövqeyindədir və ola bilsin ki, Azərbaycan DTX-si onun qapısını yaxın günlərdə çalsın. /yenisabah.az