​“Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik”

​“Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik”
22:24 01.10.2024
729 Siyasət
A- A+

Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir.

Belə ki, 30 sentyabr 2024-cü il tarixində Azərbaycanın məşhur şəxslərindən olan Aşıq Ələsgərin abidəsinin açılışı baş tutdu. Açılışı Prezident cənab İlham Əliyev həyata keçirdi. Eyni zamanda, burada Azərbaycanın görkəmli şəxsləri, bir qrup mədəniyyət işçiləri də iştirak edirdi.

Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının əbədiləşdirilməsi üçün Prezident cənab İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və  bu gün şəhərimizin gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.

Bildiyimiz kimi Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır. Cənab Prezidentin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik təmizləməsinə məruz qalmışdır. Bu hadisə ilk dəfə 1918-ci ildə baş tutdu və şairin 97 yaşı var idi. Lakin müəyyən müddət sonra o doğma kəndinə qayıda bilmiş, ömrünü Göyçə mahalında başa vurmuşdur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Azərbaycan 30 ilə yaxın bir zamanda işğal altında olan ərazilərini azad etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür. Vurğulayaq ki, artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilir. Ermənilərin yaratmaq istədikləri mif tarixə qovuşub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Vətən müharibəsində qazandığımız Zəfərdən dörd il ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımızı reallığa çevirmək məqsədi ilə davamlı işlər görülür.

Azərbaycan tarixi ədaləti bərpa edib və Azərbaycan əzəli torpaqlarına sahibdir. Qazandığımız uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımızın Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.

Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. "Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.

Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”

Gülşən Quliyeva,

Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbinin direktoru