​Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

​Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
19:37 18.02.2025
A- A+

İstanbulda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dünyada tanıtdığı Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın İstanbul Baş Konsulluğunun konsulu, təqaüddə olan hərbi qulluqçular, müəllim və professor heyəti, tələbələr, Türkiyə QHT-lərinin İstanbulda fəaliyyət göstərən nümayəndələri iştirak ediblər.

"Diaspornews.az" xəbər verir ki, Türk Dəniz və Qlobal Strategiyalar Mərkəzinin (DEGS) təşkilatçılığı ilə təşkil olunan konfransda əvvəlcə şəhidlərimizin ruhu yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Türk DEGS Mərkəzinin təsisçisi və rəhbəri Müstafi Tümamiral Dosent Dr. Cihat Yaycı paşa, salamlama nitqindən sonra konfrans iştirakçılarına Xocalı soyqırımı barədə dolğun məlumat verib və bu faciəni dünyanın gerçək mənada ən dəhşətli soyqırımı adlandırıb.

Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə öz çıxışında Xocalı soyqırımının baş verməsi tarixçəsi, soyqırım qurbanlarının hansı amansızlıqla qətlə yetirilməsi, itkin düşən yüzlərlə Xocalı sakinlərinin aqibəti, Ulu Öndər Heydər Əliyevin Xocalı hadisəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətindəki siyasi fəaliyyətləri, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun və xalqının şücaəti nəticəsində Qarabağ torpaqlarının işğaldan azad olunması, Xocalının qisasının alınması, Xocalıda və Qarabağın digər bölgələrində aparılan quruculuq işləri və insanların öz yurdlarına qayıtması barədə ətraflı məlumat verib.

Daha sonra, Türk DEGS-QTM Qafqaz üzrə hərbi eksperti ehtiyyatda olan polkovnik, Qarabağ qazisi Akif Qasımov Xocalı soyqırımına dair təqdimatla çıxış edib. Təqdimatda Xocalı soyqırımının törədilməsindən və bu günə qədər olan hadisələri xronoloji ardıcıllıqla tədbir iştirakçılarına çatdırıb.

Konfransda, İstanbul Sənayeci və Sərmayəci İş İnsanları Dərnəyinin sədri Camal ÇOBAN, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb və Xocalı soyqırımı qurbanlarını bir daha yad edib.

Tədbirdə iştirak edən Avropa İqtisadi Senatoru və İSIYAD Ali Məsləhətləşmə İdarə heyəti üzvü İraj ALİPOR Xocalı soyqırımını törədənləri şiddətlə qınayaraq Avropada bununla əlaqədar müvafiq işlərin aparacağını bildirib.

Yazar Həmid Əhmədzadə Özgeçmiş, çıxışında Xocalı Soyqırımını bəşəriyyət tarixində utancverici hadisə adlandırıb və yazdığı Qarabağ şəhidləri barədə şeirini söyləyib.

Sonra Qafqaz üzrə hərbi ekspert, ehtiyatda olan polkovnik, Qarabağ qazisi Akif Qasımov Xocalı soyqırımının törədilməsi və bu günə qədər törədilən bu kimi bəşəri cinayətlərin xronologiyasını özündə əks etdirən təqdimatla çıxış edib.

Konfrans çərçivəsində Xocalı soyqırımı və Xocalıya qayıdış barədə sənədli filmlər nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin media yayım dəstəkçisi Diaspor Fəaliyyətlərinə Jurnalistlərin Dəstəyi İctimai Birliyidir.

 

Fuad Hüseynzadə