Son zamanlar ətrafımda çox adamın “elektron siqaret”ə keçdiyini görürük. Bəziləri bunu siqaretin pis qoxusundan qurtulmaq üçün, bəziləri isə onu tərgitmək adı ilə bu yola əl atırlar. Gündə yeni bir növü çıxan, fərqli-fərqli adları, markaları olan, əlimizdə oyuncağa çevrilən - “elektron siqaret”lərin zərərləri hansı səviyyədədir?
Sulh.info.az xəbər verir ki, siqaret başda ürək və ağciyərlər də daxil olmaq üzrə demək olar ki, insanın bütün orqanlarına zərər vurur. Siqaret çəkən hər 10 insandan 7-i siqareti atmaq istəyir. Bəziləri bunun üçün “elektron siqaret”ə keçir. Amma o da içərisindəki nikotinə görə siqaret kimi asılılıq yaradır. Beləliklə, siqaretdən qurtulmağa çalışarkən, bir də “elektron siqaret”dən asılı vəziyyətə düşürsünüz.
“Elektron siqaret”lər ənənəvi siqaretlər qədər asılılıq yaradır…
Bu cür məhsullar yeni olduğu üçün yeni-yeni araşdırılmağa başlanılıb və uzun müddətlik dövrdə nəticələri hələ ki, məlum deyil. 2021-ci ildə John Hopkins Universitetinin yayımladığı bir araşdırmada “elektron siqaretlər”də minlərlə kimyəvi inqrediyent aşkar edildiyi və bunların əksəriyyətinin zərlərinin müəyyən edilmədiyi bildirilir. Araşdırmada əvvəllər “elektron siqaret”lərdə tapılmayan 3 yeni zəhərli kimyəvi maddə tapdıqlarını və bu maddələrin tənəffüs yolları üçün zərərli olduğunu açıqlayıblar. 3 maddə bunları edirsə, araşdırılmamış minlərlə kimyəvi inqrediyent arasında görün nə təhlükələr ola bilər.
“Elektron siqaret” də ənənəvi siqaret kimi ürəyə, ağciyərə və tənəffüs yollarlarına ziyan vurur. 2020-ci ildə CDC “elektron siqaret”lərlə bağlı 2807 insanda ağciyər zədələnməsi (EVALI) qeydə alıb və həmin insanlardan 68-i bu səbəbdən vəfat edib.
Gənclər arasında “elektron siqaret” çox populyarlaşmağa başlayıb. Beynimizin inkişafı 25 yaşa qədər intensiv davam edir. Bu dövrlərdə “elektron siqaret” (və ya siqaret) çəkmək beynin inkişafını önəmli dərəcədə gecikdirir. Nəticə belədir. “Elektron siqaret”in siqaretdən daha az zərərli olduğu düşünülür. Amma bu hal təsdiq edilməyib. Çünki “elektron siqaret”lər və onların tərkibi tam aşkarlanmayıb. Araşdırmalar aparıldıqca yeni təhlükələr ortaya çıxır. “Elektron siqaret”də bilmədiyimiz bir çox zəhərli maddə ola bilər.
Mənbə: "Albert Eynişeydi" Facebook səhifəsi