​Avtoritetləri qəhrəman kimi təbliğ edən "yutuber"lər: "Boykot etməliyik" - AÇIQLAMA

​Avtoritetləri qəhrəman kimi təbliğ edən
12:10 31.08.2022
656 Sosial
A- A+

Son illərdə “Youtube”də azərbaycanlı “yutuber”lərin sayı artmaqdadır. Lakin təəssüf ki, onların heç də hamısı faydalı məzmun yaratmaqla məşğul deyillər. Son zamanlarda “Youtube”də əlinə mikrafon alaraq kriminal həyat yaşamış “avtoritet”lərdən, narkoman və qumarbazlardan ardıcıl müsahibələr alanlar çoxalıb. Yaşam tərzləri heç də ideal olmayan bu şəxslərin, cəmiyyətdə "qəhrəman" kimi təbliğ edilməsi nə dərəcədə doğrudur?

Sulh.info.az xəbər verir ki, psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı fikirlərini saytımıza bildirib:

“Əgər biz narkomaniyaya yox demək istəyiriksə, narkomaniyadan əziyyət çəkən insanların hansı durumda olduğunu real olaraq təqdim edərək izləyənlərdə müəyyən fikirlər formalaşdırırıq. Bu təqdimatın içərisində şəxsiyyət və fərd üçün subyektiv olaraq onun məni yəni, özü haqqında təsəvvürlər sistemi digər insana təqdim olunur. Təqdim edildikdə “mən də bu zərəri vərdişləri ən az bir dəfə istifadə etmişəm” düşüncəsilə insan artıq sonunun nə olacağını düşünə bilir.

Yeniyetməlikdən övladlarımızın  münasibətlərinə diqqət edib, davranış tərzlərinə baxdıqda fərdlər və xüsusiyyətlər olaraq görünür ki, onlar sakit, özünə qapanaqılı, emosional ola bilirlər. Emosional insanlar var ki, sakit deyil, qışqırar amma kimlərəsə ziyan vermir. Sakit tipdə olan insanlara baxdıqda isə onların  tələblər qoyduğunu və qarşısındakı insanları manipulyasiya etdiyini görürük.

Müəyyən məqamlar var ki, birbaşa şəxsiyyətin tələbatına uyğun gələn obyektlər üçün şəxsi məna kəsb edir. Bu ilk növbədə şəxsiyyətin sosial yönəlişləri, həyat mövqeyindəki emosiya və hisslərində maraq və meyillərini özünə aydın ifadisini tapdığına görə, ona baxıb onun hərəkətlərini edimmi? Onun kimi ad qazana bilərəmmi? Avtoritet olaraq hər şeyin öhdəsindən gələ bilərəmmi? Bu insanda bu gedişat onu hara apardı? deyə düşünür. Bu qənaətə gələ bilərik ki, anti-reklamın özü də bir reklamdır”.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlının da fikirlərini öyrəndik: 

“İnformasiya texnologiyalarının sürətli inkişafı və yaranan şərait lütf formalaşdırıb ki, artıq hamı jurnalistdir. Hər kəs sosial şəbəkədə kanal, səhifə açaraq baxış toplayacaq hər şeyi paylaşa bilir. Bunların da bir çoxu yeniyetmələr üçün zərərli təbliğat olur. Bunun qarşısını almaq mümkün deyil. Qanunvericiliyimizdə belə bir konkretləşmə yoxdur. Qalır cəmiyyətə ki, onları boykot etsinlər, cəmiyyət də o ağılda deyil. Biz görürük ki, həmin videolara çox baxış gəlir, onlara dəstək verilir. Həmin şəxslər pul qazanıb, biznes qurub, məşhurlaşır. Cəmiyyət isə öz əli ilə öz quyusunu qazır, nümunəvi şəxslərə əhəmiyyət vermirlər”.

Sosioloq çıxış yolunun bu sahədə sərt qanunlar tətbiq edilməsi olduğunu ifadə edib:

“Tək yol isə dövlətin inzibati resurslarıdır. Qanunlarda müəyyən dəyişiklər, sərt cəzalar təyin edilməli, xəbərdarlıqlar edilməlidir. Bu hallar çoxaldıqda yeniyetməlirimiz bu halların təsirinə düşəcək. Çünki artıq media rolunu yeniyetmələr oynayırlar, hər kəs sosial şəbəkədədir. Ciddi mətbuat oxuyan, ciddi verlişlərə baxanlar çox azdır. Beləlikə, biz kütləni bu tip video çəkib, yayımlayan şəxslərin əlinə buraxmış oluruq. Onlarda istədikləri kimi təbliğat aparır. Bəzən qəsdlə, bəzən də kanalını məşhurlaşdıraraq biznes qurub, pul qazanmaq üçün edirlər. Hər iki halda ölkəyə və cəmiyyətə zərər vurulur. İnformasiya təhlükəsizliyi bağlı qanunlar sərtləşdirilməlidir. Əks halda çox pis vəziyyət yaranacaq”.

Günay İbrahimova / Sulh.info.az