"Baktelekom" və "Aztelekom" bu gündən 511 və 555 prefiksli indeksi ilə fəaliyyət göstərən CDMA (Code Divizion Multiple Access) texnologiyasının xidmətini tam dayandırır.
Bu barədə hər iki şirkətin yaydığı məlumatda qeyd olunub. Səbəb isə CDMA texnologiyasının köhnəlməsi ilə bağlıdır:
"CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılacaq. Əlavə olaraq bildiririk ki, "Aztelekom" və "Baktelecom" bu xidmətə alternativ olaraq xidmətin dayandırılması ilə əlaqədar texniki imkanın olduğu bütün hallarda və ərazilərdə CDMA abunəçilərinə telekommunikasiya xidmətləri göstərəcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsidir. CDMA texnologiyası adi şəhər nömrəsindən danışığın və səsin yüksək keyfiyyətlə ötürülməsini təmin edir."Baktelecom” 2005-ci ilin oktyabr ayından əhaliyə CDMA xidməti göstərir. "Baktelecom”-un CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və bu xidmət abunəçilərə 511/555 indeksləri ilə təqdim edilir. "Baktelecom”-un CDMA şəbəkəsi ilə "AzTelekom” MMC-nin CDMA şəbəkəsi arasında olan rouminq xidməti sayəsində "Baktelecom” öz abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərə bilirdi.