“Ukrayna öz ərazi bütovlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bu xüsusən də Qərbin Ukraynaya güclü siyasi, iqtisadi və hərbi yardımında müşahidə edilir. Bu baxımdan ABŞ-ın qəbul etdiyi Lend-Liz proqramı çərçivəsində hərbi yardımlar geniş vüsət alır. Ukrayna silahlı qüvvələri həm təkmilləşdirilir, həm də müasir silahlarla təchizat daha da dərinləşdirilir. Bu baxımdan Qərbin istehsalı olan silah və sursatların tədarükü hesabına hər keçən gün Ukrayna ordusu öz müdafiə qabiliyyətini artırır və ordunun daha da inkişaf etdirilməsi prossesi icra olunur”.
Sulh.info.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov Ukraynadakı mövcud vəziyyəti saytımıza şərh edərkən deyib. Eyni zamanda o, əlavə edib:
“Rusiya ordusunun irəliləməsinin qarşısı almaqla yanaşı Ukrayna ordusu bir sıra torpaqları azad edir. Bunun məhz qərb texnalogiyası və silah sursatı hesabına baş verdiyini qeyd edə bilərik. Ukrayna artıq böyük hədəflər qoyur. Daonbas bölgəsinin azad olunması, eləcə də Krımın Ukrayna ərazisinə birləşdirilməsi planları da Ukrayna rəsmilərindən eşidilir. Bu baxımdan Ukrayna yeni qruplaşmalar formalaşdırır. Bu qruplaşmalar təhlükəsizliyin təmin olunması eləcə də əks hücum əməliyyatları üçün yararlı ola bilər.
Müharibənin müddətinin uzadılması, qərb tərəfdən Ukraynaya yardımın daha genişləndirilməsi Ukraynanın xeyrinə bir sıra dəyişikliklər ilə yadda qalacaq. Lakin, qlobal inflyasiyanın baş verməsi, eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin yaranması, qiymət artımı və digər neqativ halların dünya iqtisadiyyatına zərbə vurduğunu da qeyd edə bilərik”.
Günay İbrahimova / Sulh.info.az