“Tikinti sahəsi təhlükə potensialı yüksək olan sahədir. Burada istifadə olunan avadanlıqlar, hündürlükdəki iş, ağır nəqliyyat vasitələri, qurğular, kimyəvi tərkibli tikinti materialları və s. bunlar hamısı təhlükə potensialı yüksək olan amillərdir. Ona görə tikintin sahəsində texniki təhlükəsizlik qaydalarına, əmək mühafizə qaydalarına ciddi riayət edilməlidir”.
Sulh.info.az bildirir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev saytımıza tikintidəki təhlükəsizlik qaydalarından danışarkən deyib. O bildirib ki, tikinti sahəsində qəzaların minimuma endirilməsi üçün mütləq bəzi qaydalara əməl olunmalıdır:
“Ümumi istehsalatda baş verən qəzaların böyük faizi tikinti sektorundadır. Yəni, tikintidə həm təhlükə riski yüksəkdir, həm də ümumi istehsal qəzalarına baxsaq görərik ki, ən çox qəza hadisələri tikinti sektorunun payına düşür. Bu da tikinti təhlükəsizlik qaydalarının nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ona görə mütləq tikinti sahəsində çalışan işçilər təhlükəsizlik qaydalarına, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizə qaydalarına ciddi riayət etməlidir. Tikinti sahəsində işçilər hər gün işə gələndə təhlükəsizlik haqqında təlimat aldıqdan sonra işə buraxılmalıdır. Ayda bir dəfə hər hansı qəza hadisəsi baş verərsə, yeni avadanlıq gələrsə, mütləq növbədən kənar təlimat olmalıdır. Ümumiyyətlə, bütün işçilərin texniki təhlükəsizlik haqqında ilkin bilikləri olmalıdır”.
Ekspert həmçinin bildirib ki, bu mövzuda əsas məsuliyyət tikinti aparan şirkətin üzərinə düşür:
“Tikintini aparan şirkət iş yerində təhlükəsiz şərait yaratmalıdır. İşçilərin sağlamlığı üçün hər hansı təhlükə riski olmalı deyil. Bu tikinti aparan müəssisənin borcudur. İşçiyə hər hansı iş tapşırılırsa və şirkət onun istifadə edəcəyi əşyalarla təmin etmirsə, işçi təhlükə riski görürsə, işçi işdən imtina edə bilər. Buna görə də işçi üçün işdən çıxarma, cərimə, cəza nəzərdə tutulmayıb. İşçilər həm fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir - remen, əlcək, kaska, uniforma, xüsusi ayaqqabı və. s, həm də kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. Tikinti sahəsinin ərazisində mütləq mühafizə zonası yaradılmalıdır. İçəridə məlumatlandırıcı lövhələr yerləşdirilməldir. Bunlar olmasa hər hansı bədbəxt hadisə baş verərsə, tikinti şirkəti məsuliyyət daşımış olur”.
Günay İbrahimova / Sulh.info.az