“Artıq biz yeni formatın - Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan dialoq formatının oturuşduğunu müşahidə edirik. Dünənki görüş dördüncü görüş idi. Orada razılığa gəlinib ki, növbəti görüş noyabr ayının sonlarına qədər baş tutsun. Bu razılaşmanın özü də onu göstərir ki, bu format oturuşub və tərəflər Avropa Birliyinin vasitəçiliyindən məmnundurlar. Azərbaycan və Ermənistan maraqlıdır ki, bu prosesdə Rusiyanın dominantlığı olmasın və Avropa Birliyi sülh prosesinə cəlb olunsun”.
Sulh.info.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli saytımıza danışarkən söyləyib. O bildirib ki, önəmli razılıq sülh müqaviləsinin hazırlanması üzərində işə başlanması haqqında razılaşmadır. Bu razılığa əsasən bir ay ərzində hər iki ölkənin Xarici İşlər nazirləri görüş keçirəcək. Onlar sülh müqaviləsinin mətnini hazırlamağa başlayacaqlar:
“Anlamaq lazımdır ki, bu proses heç də asan və hamar getməyəcək. Azərbaycan və Ermənistan arasında illər boyu o qədər münaqişə olub. Həm tərəflər, həm də xalqlar arasından qarşılıqlı etimad, inam yoxdur. Bu da sülh prosesinin asan getməsinin qarşısını alan amildir. Ona görə də xalqları və toplumu da sülhə hazırlamaq lazımdır. Dünənki görüşdən sonra Şarl Mişel özü də bu məqamı qeyd edib ki, xalqların da sülhə hazırlamağın vaxtı çoxdan çatıb. Ən azından görürük ki, hər iki tərəfdə konfiliktin həllinə dair siyasi iradə mövcuddur. Bu da ümüdverici faktdır.
Başqa tərəfdən o məqamı da qeyd etmək lazımdır ki, bu prosesdə Avropa Birliyi ilə Rusiya maraqları arasında ciddi fərq var. Rusiyanın və Avropa Birliyinin timsalında Qərbin bu münaqişənin həllinə yanaşmasında təməl fərq var. Bu ondan ibarətdir ki, Avropa Birliyi tezliklə sülh müqaviləsinin imzalanmasında və Azərbaycan-Ermənistan arasındakı bütün problemlərin yekun nöqtə qoyulmasında, problemin tarixə qovuşmasında maraqlıdır. Detallarla bağlı Azərbaycan və Qərb arasında müəyyən fikir ayrılıqları ola bilər. Bu da ilk növbədə Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələlərdə üzə çıxacaq. Hər halda Qərb Qarabağ ermənilərinə müəyyən statusun verilməsini istəyir. Azərbaycan isə bunu etməyəcəyini bildirir. Ümumilikdə Qərbin yanaşması odur ki, sülh müqaviləsi imzalansın və artıq problem tarixə qovuşsun”.
Ekspert prosesə Rusiyanın fərqli yanaşdığını vurğulayıb. O bildirib ki, Rusiya daha çox 10 noyabr 2020-ci il tarixli bəyanat və 11 yanvar 2021-ci il tarixli razılaşmalar əsasında prosesin getməsini istəyir. Bu çərçivə isə qısa müddətdə problemin yekun həllini ehtiva etmir:
“Rusiyanın maraqlarına uyğun olan proses ondan ibarətdir ki, bölgədə kommunikasiyalar yollar açılsın, iqtisadi əlaqələr bərpa olunsun, İran və Türkiyə də bölgədəki iqtisadi tərəfdaşlıq proseslərinə qoşulsun və bütün bu proseslər Rusiyanın nəzarətində, liderliyi altında aparılsın. Rusiya hazırki mərhələdə əsas diqqətini məhz sərhəd problemlərinin həllinə yönəldib. Bu da ona görə Rusiyaya lazımdır ki, sərhədlərdəki problemlər həll olunmadan yolların açılması çox çətin olar. Rusiya problemin yekun həllinə maraqlı deyil. Çünki problem tamamilə həllini taparsa, sülh müqaviləsi imzalanarsa, bütün anlaşılmazlıqlar çözülərsə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsi gündəmə gələcək. Rusiya bunu istəmir. Rusiyanın bölgədə maraqlarını reallaşdırmaq istiqamətindəki əsas aləti hərbi kontengentidir. Eləcə də Ermənistandakı hərbi bazalardır.
Bu baxımdan Rusiya yaxın gələcəkdə problemin tam həllinə qəti imkan verməyəcək. Bu isə onu deməyə əsas verir ki, Avropa Birliyinin vasitəçiliyi ilə aparılan prosesin də uğurla yekunlaşması ilə bağlı problemlər meydana çıxa bilər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün Mariya Zaxarovanın bu görüşə reaksiyası onu göstərir ki, Rusiya prosesdəki lider rolunu güzəştə getmək istəmir, Qərbin prosəsə müdaxiləsini qəti şəkildə istəmir. Və Avropa Birliyinin timsalında Qərbin vasitəçiliyi ilə aparılan prosesin uğurla yekunlaşmasına əngəl olmaq üçün əlindən gələni edəcək. Əsas problem budur. Açıq qeyd edək ki, Rusiyanın prosesə əngəl olması üçün əlində imkanları da var. Ona görə də Avropa Birliynin vasitəçiliyini müsbət qiymətləndirsəm belə, prosesin yaxın gələcəkdə uğurla yekunlaşmasına dair şübhələrim var. Rusiya ilə Qərbin maraqlarının uzlaşması məsələsi çox çətin olacaq. Bu isə onu deməyə əsas verir ki, proses heç də asan və hamar olmayacaq”.
Günay İbrahimova / Sulh.info.az