Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri 2021-ci ilin sentyabrında Azərbaycanda faktaraşdırıcı missiya zamanı işğaldan azad edilmiş rayonlara səfər etmək imkanı qazanıblar. Nümayəndə heyəti Ağdama səfəri zamanı fiziki infrastruktura, zəngin mədəni və dini irsə dəymiş dönməz ziyanın miqyasının şahidi olmaqdan şoka düşüb. 1870-ci ildə tikilmiş və təkcə dini məkan deyil, həm də mədəni irs olan Mərkəzi Camiyə məscidi aşkar şəkildə vandalizmə məruz qalıb. Onun həm içində, həm də çölündə güllə və mərmi izləri var idi. Məscid erməni işğalı zamanı inək, at və donuzlar üçün tövlə kimi istifadə edilərkən təhqir olunub. Amma bütün bunların ən pis tərəfi odur ki, insanlar milli və ya dini mənsubiyyətlərinə görə soyqırıma məruz qalırlar. 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı islamofobiya və türkofobiyanın bariz təzahürüdür. Xocalıda dinc əhali müsəlman, türk olduqları üçün qətlə yetirilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət nəticəsində Azərbaycanın 600-dən çox dinc sakini, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”, - deyə Aydın Səfixanlı vurğulayıb.