​Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən baş həkimi işdən çıxardı

​Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən
10:06 05.04.2023
132 Ölkə
A- A+
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

SÜLH.İNFO.az bakıvaxtı.az-a istinadən bildirir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.

Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.