Məsələ ilə bağlı danışan 3 saylı uşaq evinin adının açıqlanmasını istəməyən Uşaq Birliyi rəhbərinin sözlərinə görə, səsləndirilən iddiaların hamısı əsassızdır: “Mən gözümün önündə baş verənlərə münasibət sərgiləyə bilərəm. Ət satışı və digər məsələlərlə bağlı səsləndirilən iddialar mənim gözlərimin önündə baş verməyib. Bu haqda heç nə deyə bilmərəm. Məhəmməd Hacıyevin (17 yaş) dediyi sözlər isə sadəcə bir uşağın fikirləridir. Əlbəttə ki, onun dediklərinin heç bir əsası yoxdur. Sadəcə bəzi emosiyalarını idarə edə bilmədiyi üçün bu cür açıqlamalar verib. Mən öz müşahidələrim əsasında deyə bilərəm ki, biz daim onunla profilaktik söhbətlər aparmışıq. Bizimlə daim “baş üstə, müəllim” formasında dialoqa girib. Amma bir müddət sonra istədiyi formada öz hərəkətlərini davam etdirib və əməllərinə haqq qazandırıb. Sonra isə “oldu”, “keçdi” deyə yaşananların üzərindən ötməyə çalışıb. Amma bəzi şeylər var idi ki, bizim də səbrimizi aşırdı. Buna baxmayaraq, biz Məhəmmədi psixiatriya xəstəxanasına yerləşdirməmişik. Sadəcə olaraq oğurluq faktı ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişik. Məhəmməd isə ora gedib, daha sonra isə “STV”də çəkiliş edilib. Bizim bundan xəbərimiz olmayıb. Bundan sonra isə birbaşa psixiatriya xəstəxanasına yerləşdirilib”.
Uşaq evinin əməkdaşı Məhəmmədin geri qayıtmaq istəməsi, lakin müəssisə rəhbərliyinin buna icazə verməməsi və “üzr” tələb etməsi ilə bağlı səslənən iddialara da aydınlıq gətirib: “Bu, əsassızdır. Bütün medianın diqqəti bizim üzərimizdə ola-ola, uşağa qarşı bu qədərmi düşüncəsiz addım ata və ya ifadələr işlədə bilərik? O, psixiatriya xəstəxanasının nümayəndəsi ilə bura gəlmişdi, qalmaq istəyirdi. Sonra özü də əlaqə saxlayıb. Uşaq evinin rəhbərliyi onunla çox normal danışıb. Lakin bizim rəhbərlik bildirib ki, onun səlahiyyətində olmayan məsələlər var. Artıq məsələ ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Səhiyyə Nazirliyi maraqlanır. Bu iş artıq bizim müəssisənin səlahiyyətlərini aşıb və aidiyyətı qurumların nəzarətindədir. Ona görə də nəticənin necə olacağını deyə bilmərəm”.
Xatırladaq ki, Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu adıçəkilən müəssisənin rəhbərliyini bir sıra məsələlərdə ittiham edib. Məhəmməd uşaq evinin direktorunu onu psixi sağlamlıq mərkəzinə yerləşdirmək üçün polis bölməsinə müraciət etməkdə və telefonunu əlindən almaqda günahlandırıb.