Bəs yaxın vaxtlarda sosial ödənişlərin məbləği artırıla bilərmi? Bununla bağlı gözləntilər varmı?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov "Margin.az"a bildirib ki, büdcəyə yenidən baxılması prosessində sosial müavinət və pensiyaların yenidən artırılması istiqamətində hələlik siqnallar azdır:
"Son olaraq maliyyə nazirinin açıqlamalarından da aydın olur ki, büdcəyə yenidən baxılması prossesi çərçivəsində əsasən Qarabağın yenidən qurulması və müdafiə xərclərinə vəsaitlərin ayrılması nəzərdə tutulub. Bir məqam da var ki, ilin əvvəlində sosial paket açıqlanan zaman müharibə iştirakçılarına ödənilən 80 manatlıq müavinətin məbləğində dəyişiklik edilməmişdi. Hazırda bu məsələ gündəmdədir. Eyni zamanda həmin vaxt rəsmi qurumların təmsilçiləri tərəfindən yeni sosial paketin olacağına dair mesajlar verilmişdi".
İqtisadçı düşünür ki, ən yaxşı halda büdcəyə yenidən baxılması prossesində bir sıra müavinət növləri ilə bağlı artımlar ola bilər: "Düzdür, ehtimallar hazırki şərtlər daxilində 50/50-dir. Hazırda bununla bağlı rəsmi açıqlama yoxdur. Ancaq mövcud şəraiti və xərclərin artımını da nəzərə alaraq, bu istiqamətdə qərarın qəbul ediləcəyi ilə bağlı ehtimal var.
Büdcəyə dəyişiklik zamanı müəyyən məqamlar öz əksini tapacaq. Ancaq pensiya və sosial müavinətlər ilə bağlı qərarların əsasən büdcədə əks etdirilməsi istiqamətində qərarlar olacaq. Çünki ilin əvvəlində qərar qəbul edilən zaman büdcə artıq təsdiqənmişdi. Müvafiq qərarların yenidən baxılma zamanı büdcədə rəsmən əks olunması, sosial müdafiə xərclərinin həcmində özünü göstərəcək".
Əlavə edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" qanuna əsasən pensiyasının minimum məbləği 240 manatdan 280 manata çatdırılıb.