​Avtobuslarda gediş haqqı yenidən ARTIRILACAQ?

​Avtobuslarda gediş haqqı yenidən ARTIRILACAQ?
16:00 11.05.2023
303 Sosial
A- A+
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Baş nazirə yenidən müraciət edib. Bu dəfə isə şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.

“Gediş haqqının artırılması ilə bağlı Tarif Şurasının qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”, - deyə müraciətdə qeyd olunur.

Bu isə subsidiyanın bərpa olunmayacağı təqdirdə qiymətlərin daşıyıcı şirkətləri qane etmədiyini göstərir.

İqtisadçı ekspert Eldəniz Əmirov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, dövlətin qiymət tənzimləmə funksiyasının aktiv olduğu sahədə rəqabət mühiti olmur:

“Rəqabətin olması üçün təsərrüfat subyektləri çox olmalıdır. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ictimai nəqliyyat sahəsində rəqabətin olmadığını göstərir. Əgər rəqabət yoxdursa, qiymətlər dövlət tərəfindən tənzimlənirsə, bu zaman sahibkarların müraciəti daha dəqiq araşdırılmalıdır”. 

Ekspertin sözlərinə görə, kənar şəxslərin subsidiyanın verilib-verilməməsi ilə bağlı fikir söyləməsi peşəkar olmaz: “Bununla bağlı dəqiq hesablamalar və auditlər aparılmalı, dövlətin hər hansı güzəşti edə biləcəyi ilə bağlı nəticə çıxarılmalıdır. Subsidiyanın verilməsi və ya qiymətin artırılmasını yalnız xüsusi komissiya müəyyən edə bilər. Bu zaman gəlirlər, xərclər, adambaşına düşən maya dəyəri nəzərə alınmalıdır”. 

“Lakin bu sektorda rəqabət mühiti yaradılarsa, taksi bazarındakı kimi qiymətlər özü enəcək”, - deyə E. Əmirov əlavə edib.