​Gömrükdən o tərəfdə 50, bu tərəfdə 200 manat - Uşaq qidaları niyə belə satılır?

​Gömrükdən o tərəfdə 50, bu tərəfdə 200 manat
11:58 12.05.2023
126 Toplum
A- A+
Azərbaycanda uşaq qidalarının qiyməti günü-gündən artmaqdadır.

Ancaq bu sektordakı qiymət artımı digər sahələrdəkindən kəskin fərqlənir. Çünki xaricdən gətirilən məhsulun qiyməti az qala 3 qat artır. Məsələn, siz hansısa xarici onlayn alış-veriş portalından uşaq qidası sifariş versəniz, ölkəyə gətirilmə xərci də üstünə gəlməklə, 50-70 manat xərciniz çıxacaq. Eyni çəkidə, eyni firmaya məxsus qidanı yerli bazardan aldıqda isə təxminən 200 manat xərcləməlisiniz.

Maraqlıdır, Azərbaycana idxal olunduqda nə baş verir ki, uşaq qidaları bu qədər kəskin başalaşır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, qiymətlərin bu cür anormal hal almasında pediatrların da rolu böyükdür. Qanuna əsasən, pediatrların körpə qida distributorları ilə əlaqələri olmamalıdır. Ancaq təəssüf ki, reallıqda vəziyyət başqadır.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ölkəmizdə ərzaq təminatının ən zəif halqası körpə qidalarıdır. Yüksək səviyyədə inkişaf etmiş texnologiya, eyni zamanda nəzarət mexanizmləri tələb edən bu məhsul növünün Azərbaycanda istehsal edilməsi indiki şərtlər daxilində asan deyil. Yerli istehsala güvənin aşağı olması isə bu istiqamətdə tələb problemi yaradır. Ekspert onu da əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinə görə, dünya bazarında ümumi bahalaşma dalğasının formalaşması və logistika, transport xərclərinin artırılması da məhsulların maya dəyərinin yüksəlməsinə, daxili bazarlarda isə daha bahalı qiymətə təklif olunmasına şərait yaradıb.

Qeyd edək ki, körpə qidalarının bahalaşması tək Azərbaycanda müşahidə edilmir. Lakin ölkəmizdə həm zəif rəqabətliliyin olması, həm də güzəştlərin, yerli istehsalın olmaması kimi faktorlar qiymətlər indeksinin daha sərt şəkildə yüksəlməsinə səbəb olur.