Bundan əvvəl isə İlkin Süleymanovun atası İbrahim Süleymanov görüşmək üçün baş prokurora teleqram göndərib. O, baş prokurora teleqramında yazıb: “Nərmin Quliyevanın qətli ilə əlaqədar 3 ildən çoxdur tamamilə günahsız və əsassız həbs edilən oğlum İlkin Süleymanov haqqında cinayət işi üzrə yol verilmiş qanun pozuntularını diqqətinizə çatdırmağım üçün məni qəbul etməyinizi xahiş edirəm”.
“Mən bu dövlətə neyləmişəm ki, mənim oğlumu həbs etmək istəyirlər? Belə bir ittihamlarla, belə bir insanı həbs etmək olarmı? Mənim, oğlumun günahı nədir? Əsl cinayətkar özlərinə məlumdur. İstəyirlər ki, onu azadlıqda saxlasınlar, mənim oğlumu əvəzində tutsunlar. Mənim oğlumun heç bir günahı yoxdur. Cinayətkar isə azadlıqda gəzir. İşdə şahid ifadələri var ki, bu cinayət necə qurulub”.
İlkin Süleymanovun qardaşı da deyib ki, cinayət işinin içində əsl cinayətkarın kimin olmasını ortaya çıxaracaq yetərincə ipucları var: “Çox təəssüflər olsun ki, məhkəmə həmin ipuclarını araşdırmağa icazə vermədi. Onlarla fakt vardı. Polis prokurorluğa şahid təqdim edib əsl cinayətin necə qurulması barəsində. Altay Ələkbərov 3 ifadə verib, üçü də ziddiyyət təşkil edib. Həyat yoldaşı Gülmirə xanım deyir ki, axşam işdən gəlib, bu adam da deyir ki, evdə olmuşam. Bunları aradşrımaq istəmirlərsə, özləri bilərlər. Biz sadə vətəndaşlarıq. Biz nə etməliyik? Biz ölkəmizdə sərbəst, qanunlar çərçivəsində yaşamaq istəyirik. Biz 4 ildir ki, dövlətin verdiyi imkanlar çərçivəsində özümüzü müdafiə etməyə çalışırıq. Biz cənab prezidentə müraciət edirik. Bəzi məmurlar bizə yaşamağa imkan vermir. Bu qədər də haqsızlıq olar? Biz İlkinin günahsız olmasına dair sübutlar göstəririk, amma İlkini buraxmırlar. Biz bu cinayətin kimin tərəfindən törədilməsinə dair sübutlar göstəririk, amma araşdırmırlar. Bizim günahımız nədir?”
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, təxminən ay yarım sonra qətlə yetirib. İlkin Süleymanov isə azyaşlının oğurlanıb öldürülməsylə bağlı ittihamı qəbul etmir. O, təqsirləndirilən şəxs qismində ilkin ifadəsindəki etirafı ağlasığmaz işgəncələrə məruz qalmasıyla izah edir. İlkin Süleymanov bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanılıb. Xüsusən yanvarın 8-dən 10-na qədər dəhşətli işgəncələrə məruz qalıb. İşgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. İlkin Süleymanovun yanvarın 6-da saxlanması məhkəmədə çoxsaylı şahid ifadələri, hətta azyaşlı Nərminin valideynləri və başqa qohumlarının dediklərilə də təsdiqlənib. Lakin cinayət işinin materiallarında onun yanvarın 10-da saxlandığı yazılıb. /“Yeni Müsavat”