​Müəllimləri bu dəfə nə gözləyir? - MİQ və sertifikasiya birləşdirilir?

​Müəllimləri bu dəfə nə gözləyir?
16:36 15.05.2023
189 Sosial
A- A+
Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikdə sertifikasiya ilə bağlı bir sıra məqamlar öz əksini tapıb.

Dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır. Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.

Qeyd edək ki, sertifikasiyanın tətbiqi bəzi müəllimlər tərəfindən etirazla qarşılansa da, təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirildi. Bu il mərhələli şəkildə digər fənlər üzrə də müəllimlər sertifikasiya cəlb ediləcəklər. 

Hazırda isə müəllimləri maraqlandıran odur ki, ilk dəfə işə qəbul edilən müəllimlər 3 il sonra sertifikasiyadan keçəcəklərsə, MİQ-lə sertifikasiya imtahanını birləsdirmək daha yaxşı olmazdımı? Bu zaman həm imtahana cəkilən xərc də az olar, eləcə də müəllimlər təkrar imtahan stresi ilə qarşılaşmazlar.

Eyni zamanda, müəllimləri düşündürən odur ki, əgər müəllim bir dəfə sertifikasiyadan keçirsə, yenidən 5 ildə bir dəfə sertifikasiyadan keçməsinə ehtiyac varmı? 

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, ilk dəfə sertifikasiya qaydaları təsdiqlənəndə MİQ imtahanlarının sertifikasiyaya bərabər olacağı qeyd edilmişdi: 

“Ancaq sonradan imtahanın qiymətləndirmə meyarları tamamilə fərqli olduğu məlum oldu. Yəni MİQ imtahanında 40 ixtisas, 20 kurikulum sualı varsa, sertifikasiyada bu fərqlidir. Eyni zamanda, sertifikasiyada müəyyən balın toplanması üçün müsahibə mərhələsi də nəzərə alınır. Əslində bu, işin rahat olması və xərcləri azaltmaq üçün bərabərləşdirilə bilərdi. Ancaq görünən odur ki, bəzi yeni işə qəbul edilən müəllimlər 3 il ərzində özlərini o qədər də təkmilləşdirmirlər. 

Onların yenidən imtahan edilməsi vacibdir. Görürük ki, təlim-tədris prosesini o qədər də keyfiyyətli təşkil edə bilmirlər. Ancaq dünya təcrübəsində keçirilən imtahan bir neçə ay üçün qüvvədə olur. Digər tərəfdən ,3 il ərzində az stavka ilə aşağı maaş almırlar. Bu, sosial tərəfdən belədir. Ancaq müəllimlərin bu kimi imtahanlara cəlb ediləsi ilə bağlı narahat olmağa dəyməz. Öz ixtisaslarından imtahan verirlər”. 

Ekspert deyir ki, sertifikasiya imtahanları hər il keçiriləcək:

“Sadəcə növbəti dəfə 5 ildən bir keçirilir. Hazırda müəyyən fənlər üzrədir. Məsələn, indiyədək yalnız ibtidai sinif müəllimləri sertifikasiyada iştirak ediblər. İyun ayında Azərbaycan dili, sonra riyaziyyat müəllimləri iştirak edəcək. İlk mərhələ üçün çox vaxt gedəcək, ancaq sonradan az müəllim olacağı halda, yəni hər il bir neçə fənn eyni vaxtda keçiriləcək. Hazırda elə müəllimlər var ki, onlar 3-4 ildən sonra sertifikasiyaya cəlb olunacaqlar.

Əslində bu, doğru deyil. Çünki onlar uzun müddət gözləməli deyil. Birinci dəfə də çox müəllim iştirak edir. Nəzərə alsaq ki, 140 min müəllim var. Sonradan 12-15 min müəllim olacaq ki, bu da çətin bir məsələ dyeil. Sadəcə indiki situasiyada bütün ölkə üzrə müəllimlər cəlb edildiyi üçün iştirakçı sayı çoxdur. Növbəti beşilliklərdə iştirakçı sayı az olacaq”. 

Müəllimlərin 5 ildən sonra yenidən sertifikasiyadan keçirilməsinə gəldikdə isə ekspert deyir ki, buna mütləq ehtiyac var: 

“Çünki müəllim 5 il ərzində özünü inkişaf etdirməlidir. Məsələn, bir idmançı yarışda qalib gəlirsə, onu hər il yenidən niyə yarışa daxil edirlər? Elə qalib elan etsinlər. Biz baxaq görək ki, 5 il ərzində bu bilik və bacarıqları qoruyub saxlaya, özünü inkişaf etdirə bilirmi? Tədrislə məşğul olmaq məsələsində heç vaxt güzəşt edilməməlidir. İndiyədək məllimlərin bilik və bacarıqları yoxlanılmamışdı. Sertifikasiyada məlum oldu ki, 11 min müəllimin 2800 nəfəri adi, sadə sözü yaza bilmir. Yaxud 2014-2018-ci illərdə keçirilən dövlət qulluğu imtahanlarında məlum oldu ki, müəllimlərin 50 faizi öz ixtisası üzrə çox zəif biliklərə malikdir.

Müəllimlər öyrədən, cəmiyyəti formalaşdıran təbəqədir. Onların əmək haqqının az olduğunu bilirik. Ancaq əmək haqqı zəifdir deyə onların tədris prosesində qalmasınımı gözləyək? Ona görə də heç bir halda bu məsələdə güzəşt, yumşalma olmamalıdır. Bu, tədrisin təşkilidir. Heç bir ölkədə təhsilin səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Ölkədə təhsilin səviyyəsi nədirsə, müəllimin səviyyəsi də odur. Müəllim nə bilirsə öyrədir, biliyi, bacarığı formlaşdırır. Ona görə də təhsildə inkişaf, keyfiyyət artımı istəyiriksə, müəllimlərin təkmilləşməsini təmin etməliyik”.