​1-ci sinfə qəbulda kütləvi narazılıq - Əsas məktəb tapmaqdır, təhsili onsuz...

​1-ci sinfə qəbulda kütləvi narazılıq
15:00 16.05.2023
151 Toplum
A- A+
May ayının 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb.

Elektron qaydada aparılan qeydiyyat zamanı valideynləri narahat edən bəzi məsələlər var. Belə ki, şagirdin qəbulu zamanı bir neçə prioritet qeyd edilir. Bunlar arasında valideynin seçdiyi məktəbin yerləşdiyi ərazidə daimi və müvəqqəti qeydiyyatda olması, ailənin digər övladının eyni məktəbdə təhsil alması və valideynlərdən birinin seçilən məktəbdə işləməsi var. Valideynlər isə sosial şəbəkədə etiraz edərək, bunu övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi qiymətləndirirlər. 

Qanunvericiliyə görə, Azərbaycan Respubklikasının vətəndaşlarının ölkənin istənilən ərazisində yerləşən ümumi təhsil məktəblərində təhsil almaq hüququ var. 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu hüquqdan istifadə edərkən digər vətəndaşların hüququ tapdanmamalıdır: 

“Əslində, Azərbaycan Respublikasının Konstitusiyasına və “Təhsil haqqında” Qanuna görə, hər bir Azərbaycan vətəndaşının ölkənin istənilən ərazisində təhsil almaq hüququ var. Qanunvericiliyin verdiyi bu hüquq həyata keçirilən zaman digər insanların hüquqları tapdanmamalıdır. Biz bilirik ki, bir çox hallarda valideynlər müəyyən prinsiplərə əməl etmirlər. Kimsə Xətai rayonunda yaşayır, amma istəyir ki, övladı başqa ünvanda, məsələn, 291 və ya 20 nömrəli məktəbdə oxusun. Bu zaman ərazidə yaşayan digər şəxslərin təhsil almaq hüquqları da məhdudlaşdırıla bilir. 

Ölkədə məktəb sayı cəmi 4432-dir və 1,6 milyon şagirdimiz var. Bu il birinci sinfə 160 min şagirdin getməsi proqnozlaşdırılır ki, onun da 48 mini paytaxt Bakıdadır. Təsəvvür edin ki, Bakıda 320 məktəb və 48 min də şagird var. Xüsusən, Bakının Binəqədi, Yasamal, Xətai rayonlarında hədsiz dərəcədə şagird sıxlığı var və orada sinif sayı azdır.

Bu şərt ona görədir ki, birinci həmin məktəbin ərazisində, yəni məktəbə ən yaxın ərazidə yaşayan valideynlərin övladları cəlb olunsun. Sonra yer qalarsa, digər vətəndaşlar müraciət edə bilərlər. Bu, müəyyən qədər çətindir, amma digər şəxsləri də anlamaq lazımdır. Kimsə tez qeydiyyatdan keçir, amma başqa yerdə yaşayır. Bu məsələ əlavə siniflər açmaqla, növbəlilik prinsipinə keçməklə, yeni məktəb korpusları tikməklə həll oluna bilər”. 

Ekspert bu məsələnin bütün məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə həllinin mümkün olduğunu deyib. Çünki valideynlər məktəbi əsasən orada ibtidai pillədə təhsiln keyfiyyətinə, tanınmış müəllimlərə görə seçirlər. Lakin ekspert  bunun qısa zaman kəsiyində reallaşacağının mümkünsüzlüyünə də toxunub: 

“Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bizim əlimizdə olan müəllimlər budur. Özəl məktəblərdə direktorlar yaxşı müəllimləri seçə bilirlər, amma dövlət məktəblərində yazıq direktorların əlində olan müəllim budur. Keyfiyyət nədirsə, odur. Orta məktəblərdə 150 min müəllim var. Təkcə 4 bölgədən 11 min ibtidai sinif müəllimi sertifikasiyaya cəlb edilmişdi. Onlardan 2800-ü adi sözləri belə yaza bilmirdilər. Bunlar, ən azı 5 il işləmiş müəllimlər idilər. Bu insanlar qısa müddətdə keyfiyyətli tədrisin təşkilini təmin edə bilməzlər. Əlimizdəki resurs, xammal budur. 

Sizə mətbəxdə nə verirlərsə, siz də süfrəyə onu bişirib gətirəcəksiniz. Bizim də müəllimimiz budur. Təhsilin keyfiyyətinin qaldırılması bir ayın, beş ayın və bir ilin işi deyil. Onunla bağlı ciddi idarəetmə mexanizmi qurulmalıdır. İndi Təhsil Nazirliyi birmənalı şəkildə bunu təmin eləyə bilməz. Hazırda çalışırıq ki, ən azından təhsilin əlçatanlığı təmin olunsun. Keyfiyyəti onsuz da hazırlıq kursları, repetitorlar edir və məsələnin problemli hissəsi də budur”.