Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış masivində kirayə yaşadığı evdə baş verib.
Pərviz orada qeyri rəsmi ər-arvad kimi yaşadığı Səidəni Səlimin evində sərxoş və çılpaq vəziyyətdə yatan görüb. Onların arasında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla Səlimin qarın nahiyəsindən bir zərbə endirib.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
“Narahat etmək istəmədim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səidə ilə qeyri rəsmi olaraq 6-7 ildir ər-arvad münasibətində yaşayırlar:
“Səidə ilə birlikdə hadisədən təxminən 8 ay əvvəl Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində kirayədə qalırdıq. Hadisə günü saat 16 radələrində evə qayıtdım və gördüm ki, darvaza içəridən bağlıdır. Həyətə daxil ola bilmədiyimə görə qapını döyməyə başladım. Amma qapını açan olmadı.
Fikirləşdim ki, Səidə gecə növbədə işlədiyinə görə yorulub və yatır. Buna görə onu narahat etmək, telefonla zəng vurmaq istəmədim. Qapını isə döyməyə davam etdim”.
“Çəkələklərdən şübhələndim”
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 20 dəqiqədən sonra qapını evin sahibi Səlim yarıyuxulu vəziyyətdə açıb: “Həyətə daxil olanda Səlimə qapını bağladığına görə narazılığımı bildirdim. O da dedi ki, açarın birini çıxararaq mənə verəcək.
Yaşadığım evə girəndə Səidənin orada olmadığını gördüm. Səlimdən soruşdum, dedi ki, rəfiqəsi ilə birlikdə harasa gedib. Səidənin ayaqqabıları evdə idi. Buna görə Səlimin dediklərinə şübhə ilə yanaşdım.
Səlim evinin ətrafında gəzişirdi. Onun əlində mənə məxsus çəkələkləri gördüm. Həmin çəkələyləri kənara qoydu ki, görməyim. Ehtimal etdim ki, Səidə çəkələklərimi geyinib və Səlimin evinə gedib. Səlim evinə daxil olanda, mən də onun arxası ilə getdim”.
“Başa düşdüm ki, cinsi əlaqədə olub”
Təqsirləndirilən şəxs deyib ki, Səlimin ona yalan danışmasını hiss edib və evin otaqlarını axtarmağa başlayıb: “Yataq otağına daxil olanda gördüm ki, Səidə çılpaq vəziyyətdə yatır. Bunu görən kimi başa düşdüm ki, Səidə Səlimlə cinsi əlaqədə olub. Çünki evdə tək idilər.
Mən Səidəni oyadanda Səlim dedi ki, oyatma, yorğundu, yatıb. Mən də bildirdim ki, yorğundusa, öz evlərində yatsın, niyə burda yatır…
Əsəbi halda mətbəxdən bıçağı götürdüm və Səlimin qarın nahiyəsinə dirədim. Səlimin qarnı çox yekə olduğundan, bıçaq istəyimdən asılı olmayaraq onun qarınını cızdı. Bundan sonra evdən uzaqlaşdım. Polisə təslim olmaq istəsəm də, fikrimdən daşındım.
Sonradan polis əməkdaşları məni bölməyə apardılar. Mənim Səlimə ağır xəsarət yetirmək niyyətim olmayıb. Onu qorxutmaq istəmişəm”.
“Arvadımı soruşdu”
Cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş qismində ifadə verən Səlimin sözlərinə görə, evinin həyətində iki otaqlı ev tikib, kirayə verib: “Pərviz və Səidə hadisədən 8 ay əvvəl həyətimdə olan evdə kirayə yaşayıblar. Hadisə günü saat 16 radələrində evdə tək olan zaman Səidə gəldi və məndən arvadımı soruşdu. Arvadımın evdə olmadığını dedim.
Səidə evə daxil olaraq, qonaq otağına keçdi. Güman etdim ki, arvadımı gözləyir. Özüm isə digər otağa keçdim və şəxsi işlərimlə məşğul oldum.
Təxminən 5-10 dəqiqə sonra Pərviz qapının zəngini basdı. Mən qapını açdıqda Pərviz Səidənin harada olduğunu soruşdu. Dedim ki, Səidə evin qonaq otağında oturub. Pərviz evə daxil oldu və cibində olan bıçaqla qarın nahiyəmin aşağı sağ hissəsindən bir dəfə vurdu.
Pərviz məni vurduqdan sonra getdi. Mən isə təcili tibbi yardıma müraciət etdim.