Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov News24.az-a açıqlamasında bildirib ki, sığortalanmış əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən maksimum 6 ay ərzində kompensasiya ediləcək.
Ekspertin sözlərinə görə, əsas problem sahibkarların və şirkətlərin sığortalanmamış vəsaitləri ilə bağlıdır: “İndiyə qədər bağlanan bankların taleyi göstərir ki, həmin pullar əsasən batıb. Bəzi banklar var ki, onlar ümumiyyətlə heç nə qaytarmayıb. Məsələn: “Bank Standart” və “Texnika Bank”da belə hallar olub. Bəzilərində isə çox cüzi məbləğ Fond tərəfindən qaytarılıb. Əslində, sistem düzgün qurulmayıb. Bank fəaliyyəti döründə vaxtaşırı olaraq Əmanətlərin Sığortalanması Fonduna əmanət həcminin müəyyən faizini sığorta haqqı kimi ödəyir. Bank bağlandıqdan sonra Fond əmanətləri kompensasiya edir, sonra bağlanan bankın əmlakını satır, onun verdiyi kreditləri qaytarır, ilk növbədə isə kompensasiya etdiyi əmanətlərə sərf etdiyi vəsaiti özünə qaytarır. Həmin bankın illərlə Fonda ödədiyi pul nəzərə alınmır. Bundan sonra digərlərinin də pulunu qaytarmalıdır. Fond ləğv prosesində çəkdiyi xərci çıxarır. Bu da illərlə çəkən prosesdir. Bundan sonra vəsait qalarsa, digər müştərilərə, şirkət və sahibkarlara ödəyir”.
Ə.Həsənov Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin qeyri-şəffaf olduğunu söyləyib: “Əksər hallarda qanunsuzdur, korrupsiya faktları var. Fond bağlanan bankın əmlakını aşağı qiymətlə satır, qaytarılan kreditlərində guya güzəştlər edir, kreditlər üzrə məhkəmələrə vaxtında müraciət etmir, iddia müddətini buraxır, müraciət edəndə isə məhkəmələri uduzur. Belə faktlar çoxdur. Bu, inhisarçılığa səbəb olur. Çünki sahibkarlar, şirkətlər artıq orta və kiçik bankların müştərisi olmaqdan qorxurlar. Onlar düşünürlər ki, həmin bankları səbəbsiz olaraq istənilən anda bağlaya bilərlər. Düşünürəm ki, “Günay Bank”ın lisenziyasının ləğv edilməsi üçün çox ciddi problem yox idi. Bütün bunlar müştərilərin orta və kiçik banklardan çıxması, böyük banklara üz tutması üçündür. Ona görə də kiçik bankların vəziyyəti daha da pisləşəcək. Bu isə ölkədə maksimun 10 bankın qalacağı deməkdir”.
Qeyd edək ki, “Günay Bank” tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti bəlli deyil. Əsas diqqətə alınmalı məqam, bankın kredit təşkilatları qarşısanda olan 90 milyon 104 min manat öhdəlikləridir ki, ilk olaraq bank bu öhdəlikləri ödəməlidir.