Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2014-cü il sentyabr ayının 4-də Göygöl rayonunun Quşqara kəndi ərazisində baş verib. Urfan Rzayev Quşqara çayının kənarında şəxsi münasibətlər zəminində 1985-ci il təvəllüdlü Kamal Rüstəmovla dalaşıb. Hadisə zamanı Urfan Rzayev bıçaqla Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən iki zərbə vurub. Qarşıdurma nəticəsində Urfan Rzayev özü də müxtəlif bədən xəsarətləri alıb. Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, Kamal Rüstəmov burada dünyasını dəyişib. Urfan Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, 2007-ci ildə Kamal Rüstəmov uzaq qohumu Urfan Rzayevin bacısı Yaqutla ailə qurub. Urfanın atası Tapdıq Rzayevin həm Azərbaycanda, həm də Rusiyada böyük biznesi olub. Həmçinin Gəncə şəhərində və Göygöl rayonu ərazisində şərab və araq istehsalı ilə məşğul olub. K.Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib, Bakı şəhərindəki şadlıq evlərinə içkilərin - arağın, şərabın, şampan şərabının paylanması ilə məşğul olub.
2014-cü ildə qayınata ilə kürəkən arasında müəyyən narazılıq yaranıb. Bu soyuqluğun nəticəsi olaraq, bir müddət sonra Kamalla Yaqut ayrılıblar. K.Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Bundan sonra Kamal Rüstəmov Göygöl rayonunun Quşqara kəndində limonad sexi açıb. Biznes qurmaq üçün ailəsinə məxsus evi satıb, banklardan kredit götürüb. Yeni içki biznesi keçmiş qayınatası Kamalın biznesinə mane olmağa başlayıb. K.Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmiş. Qayınatasının adamları isə həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər. Rzayevlər dükan sahiblərinə tapşırırmışlar ki, heç kim Kamaldan mal almasın. Urfan və atası Tapdıq Rzayev Kamalı hədələyirmişlər ki, "biz varıq, sən buradan xeyir götürə bilməzsən".
Qətlə yetirilən gün Ürfan Kamala zəng vurub və bildirib ki, sənin bizim şirkətdə işlədiyin dövrdən 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən. Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdən heç bir borcum qalmayıb. Ürfan 4 sentyabr 2014-cü il tarixində "Mercedes 600 SLK" markalı avtomobillə gəlib və sənədi Kamala göstərib ki, borc budur. Kamal da sənədə baxaraq deyib ki, borc onun işlədiyi dövrə aid deyil. Bundan sonra Ürfan gedib və həmin gün təxminən saat 17 radələrində yenidən Kamalın limonad sexinə qayıdıb, onunla mübahisə edib. Mübahisə qansız ötüşməyib. Yaralı vəziyyətdə olan Kamalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Törətdiyi cinayət əməlinə görə Urfan Rzayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Urfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən prokurorluq və zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.
Apellyasiya məhkəməsinin qərarı ilə Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.