“Azərbaycanda devalvasiya riskləri gözlənilmir, manatın məzənnəsi sabit qalacaq”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tədiyyə balansı və xarici ticarəti ilə bağlı göstəricilər kifayət qədər yaxşıdır, 2023-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17, 8 milyard dollar təşkil edib:
“Xarici ticarətdə 7,2 milyard dollar məbləğində müsbət saldo yaranıb. Bundan başqa, ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları vardır. Valyuta rezervlərimiz 57 milyard dolları ötüb”.
Millət vəkili ərzaq bahalaşmasının qarşısının alınması üçün görülən tədbirlərlə bağlı deyib ki, qiymət artımları qlobal miqyasda baş verən proseslərlə bağlıdır: “Həmin komponentlərin ölkəmizə idxalı davam edir, daşınma və logistika xərclərinin artması bu sahədə qiymət artımlarına səbəb olub. Xüsusilə də Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükündə zəncirini pozub. Ancaq hökumət mövcud reallıqları nəzərə alaraq ölkədə yerli qida istehsalçılarına müxtəlif iqtisadi stimullar və dəstək vermək niyyətindədir. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının yaradılması əsas məsələdir”.