İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ş.Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Ş.Salayevin 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunduğu məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.