​Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin MOOC hazırlığına start verilib

​Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin MOOC hazırlığına start verilib
18:06 06.08.2025
A- A+

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsi çərçivəsində yeni bir mərhələyə start verilib. Layihənin tədbirlər planına uyğun olaraq Kütləvi Açıq Onlayn Kursların (MOOC – Massive Open Online Course) hazırlanmasına başlanılıb.

Bu məqsədlə mədəni irsin qorunmasına dair mövzuları əhatə edən dərslərin video çəkilişləri həyata keçirilib. Sözügedən onlayn dərslər, daha öncə həyata keçirilmiş təlim kursu zamanı yerli və beynəlxalq ekspertlərin təqdim etdiyi 16 müxtəlif mövzunu əhatə edir: “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof. Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof. Dr. Luigi Scrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos. Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof. Dr. Şikar Qasımov), “Muzeylər mədəni irsin keşiyində” (Dos. Dr. Nəzmin Cəfərova), “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar” (Dos. Dr. Həbibə Əliyeva), “Dünya yaddaşı: əlyazma irsi” (Dr. Şəhla Xəlilli), “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması” (Dos. Dr. Pərvin Ahənçi), “Fövqəladə hallarda mədəni irsin qorunması” (Gülşən Hüseynova), “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” (Arzu Həsənli), “Mədəni irs turizmi” (Aidə Məlikova), “Memarlıq abidələrinin bərpası və konservasiyası” (Dos. Dr. Məhəmməd Nurməmmədov), “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr” (Əfqan Quliyev), “Bərpa və konservasiyada materiallar” (Nadirə Minə Yar), “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” (Dr. Fariz Xəlilli).

MOOC formatında hazırlanan bu dərslərin məqsədi biliklərin geniş auditoriyaya çatdırılmasını təmin etmək, canlı təlimlərdə iştirak edə bilməyənlər üçün əlçatan öyrənmə imkanı yaratmaq, cəmiyyətin mədəni irs sahəsində savadlılığını artırmaq və maarifləndirməni gücləndirməkdir. Eyni zamanda bu təşəbbüs müasir dövrdə geniş yayılmış onlayn təhsil imkanlarından səmərəli istifadəni nəzərdə tutur.

Layihənin ümumi məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi” vasitəsilə əhali arasında mədəni irs sahəsində bilik və bacarıqları inkişaf etdirmək, bu istiqamətdə maarifləndirmə aparmaqdır. Bu çərçivədə ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, həmçinin elmi qurumlardan olan maraqlı tərəflər üçün təlim proqramı və vəsaitlər hazırlanmış, 4 təhsil müəssisəsində seminarlar keçirilmiş, 30 mütəxəssisin iştirakı ilə 16 mövzunu əhatə edən praktiki dərslər təqdim olunmuşdur.

Layihənin növbəti mərhələsində beynəlxalq ekspertlərin iştirakı ilə vebinarın təşkili, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) platforma üzərindən istifadəyə verilməsi planlaşdırılır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.