Situasiyanı dəyişmək çətindir. Ümumi strategiyaya zidd olmayan amma müasir mütəhərrik dünyanın tələblərinə uyğun taktiki dəyişiklik qaçılmazdır. Amma bu riskdir. O zaman mütləq lazımdırmı? Bəli lazımdır! Strategiyanı həyata keçirmək üçün ləngimədən və təxirəsalınmadan...
Karnegi Fondunun nüfuzlu mütəxəssisi Pol Stronski (Dövlət Departamentində Qafqaz və Mərkəzi Asiya üzrə keçmiş analitik)" Rumer (2010-2014-cü illərdə ABŞ Milli Kəşfiyyat Şurasında xidmət göstərib) Riçarda Sokolski və başqa nüfuzlu analitiklər vaxtilə öz təhlillərində Mərkəzi Asiya və Cənubi Qafqazın heç vaxt Amerikanın xarici siyasət müzakirələrində əsas mövzu olmadığı, eləcə də "Qafqaz ABŞ üçün əhəmiyyətlidir, ancaq həyati əhəmiyyətli deyil" kimi məlum tezislər, zaman keçdikcə öz əksini göstərməkdədir.
Belə ki, müasir dünyada proseslərin sürətli inkişafı ABŞ kimi Supergücün də regionlara münasibətdə strateji planlarındakı taktiki dəyişiklikləri zəruri edir desək yanılmarıq. Xüsusən də Cənubi Qafqaz və Mərkəzi Asiya kimi svilizasiyaların kəsişmə, qırılma və təmas xəttinin olduğu regionlarda. Bu mənada son dövrdə Çinin öz artan gücü ilə Qafqaz-Xəzər və Qaradənizə daxil olmaq planlarının həyata keçirilməsindən ABŞ-ın sakit qalacağı ağılabatan deyildir. ABŞ-Rusiya-Çin “üçbucağı”nda nələrin baş verdiyi ciddi əhəmiyyət daşıyacağını qeyd edən Z.Bjezinski hələ 2017-ci ildə özünün son açıqlamasında məsələnin bu tərəfini çox ciddiyə alaraq faktiki olaraq dünyanın gələcək taleyini həmin dövlətlər arasında qurulacaq münasibətlərin gərgin olacağına eyham vurmuşdu.
Təkcə Qafqaz-Xəzər və Qaradəniz deyil, Ukrayna, Tayvan da daxil olmaqla bir çox məsələlərə Çinin sürətlə artan güc orbitinin təsiri, ABŞ-ın ciddi narahatlığına və buna əks qarşı tədbirlər görməsinə gətirib çıxarmaqdadır. Hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin rəsmi Pekinin sərt etirazına səbəb olan Tayvan səfəri də təxirəsalınmaz taktiki tədbirlər sırasındadır desək heç də yanılmarıq. Müasir dünyada Proseslərin sürətli inkişafına görə geosiyasi səhnədə taktiki dəyişikliklərini həyata keçirilməsi o demək deyil ki, ABŞ dövləti uzun illər üçün qəbul edilmiş strategiyalarından imtina edir. Əsla yox. ABŞ-ın hərbi, iqtisadi, mədəni və digər bütün sahələrini özündə birləşdirən “bütün vasitələrlə liderlik etmək” hədəfi (lead with all the instruments of U.S. power) hələ də öz qüvvəsindədir.
Buraya həmçinin beynəlxalq müstəvidə gücün dəyişən, nisbi və dinamik fakt olmasının da təsiri ilə ortaya çıxan “uzun müddətli liderlik etmək” hədəfini (lead with a long-term perspective) də əlavə edə bilərik.

Ramil Arif oğlu Allahverdiyev