Yüksək temperatur, isti yay ayı, baş ağrıları, tərləmə, günvurma. Çoxları müəyyən işlərlə əlaqəli günün qızmar saatlarında günəş şüalarının təsirinə məruz qalırlar. Bəs daha az zərər çəkmək üçün nələr etməliyik?
Sulh.info.az saytına danışan terapevt Sübhan Hacıyev bildirib ki, son vaxtlar günvurma ilə bağlı müraciətlər çoxalıb:
“Günvurmanın 3 dərəcəsi vardır – yüngül, orta ağır, ağır. Simptomları isə ürəkbulanma, qusma, baş ağrısı, tərləmə, maye itirmə, ağır hallarda isə huşun itməsi kimi hallara rast gəlinir”.
Terapevt deyib ki, insanlar 12.00-17.00-a qədər günəş şüaları altında olmamalıdır. Çünki günəş şüaları beyin toxumasına təsir göstərir və beyin qan dövranında müəyyən problem yarada bilir:
“Qeyd edilən saatlarda məcburiyyət qarşısında çölə çıxarlarsa, açıq rəngli geyimlərdən və papaqlardan istifadə etsinlər. Kiminsə günvurmadan əziyyət çəkdiyinə şahid olsalar, həmin şəxsi kölgəliyə gətirməli, üst geyimlərindən azad etməli, oksigen alınmasını yaxşılaşdırmalı, bol sərin maye qəbul etdirməli və qolaltı, boyun arxası nahiyələrinə buz qoyulmalıdır. Əgər hər hansı ciddi problemlər, huşunda dəyişiklər varsa, təcili tibb yardıma müraciət olunmalıdır”.
Günay İbrahimova