“Müharibədən sonra Ermənistan hərbi, siyasi, iqtisadi baxımdan çıxılmaz, gərgin vəziyyətə düşdü ki, bu gərginlik heç şübhəsiz ki, daxili ictimai-sosial vəziyyətə də təsirsiz ötüşə bilməzdi. Hasil olunan nəticə ilə bağlı keçmiş və cari olmaqla üst səviyyə idarəçilər arasında qarşılıqlı daxili və xarici ittihamlar aşağı sferaya yəni, cəmiyyətə də sirayət etdi ki, sosial çaşqınlıq getdikcə daha da dərinləşir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza politoloq Şəbnəm Həsənova Ermənistandakı mövcud xaosu şərh edərkən deyib:
“Nəzərə alsaq ki, revanşistlərdən tutmuş mövcud iqtidar komandasına qədər hər kəs ilkin olaraq öz aqibətini düşünür, bu, insanların daha da böyük çaşqınlıq vakuumu içində boğulmasına gətirib çıxardır. Bilavasitə Ermənistanda, dolayı yolla kənarda baş verən istənilən mənfi hadisənin günahkarını müxalifət mövcud iqtidarın üstünə yükləyərək bundan daxili və xarici dividentlər qazanmaq üçün sanki qapıda pusquda dayanır”.
“Terror olacağı gözlənilən idi”
Ermənistanda bir neçə dəfə terror hadisəsinin olacağı ilə bağlı həyəcan təbili çalınmışdı. Gözlənilməyən yerdə və məqamda olsa da nəticədə bu baş verdi. Ermənistanda bəzi dairələr bu kimi məsələlərdə azərbaycanlılardan şübhələndiklərini dilə gətirməklə bizim ayağımıza yazmaq istəyirlər. Tarixi faktlar sübut edir ki, terror onların üsul və metodudur, bu işi onlar yaxşı bacarırlar. Terroru törədən onlar, anti-terroru bizə icra etməyə məcbur edən yenə onlar. Elə çox uzağa getmədən bunlardan sadəcə biri 1994-cü ildə Bakı metropolitenində baş verən partlayışdır. Odur ki, ilkin və zəruri olaraq vurğulamalıyıq ki, bu kimi əsassız ittihamları qaldırmağa yönəlmiş səmərəsiz və yersiz cəhdlər bizim durultmağa çalışdığımız suyu bulanıqlaşdırmaq üçün gölməçəyə atılmış xırda daşdır. Bu mənada ki, belə əsassız ittihamlarla heç bir şey dəyişməyəcək. Bu populist yanaşmadır, bu heç.
“Bu Ermənistanın daxili işidir, məsuliyyət iqtidarın üzərindədir”
Reallığa dönəcək olarsaq, mövcud hadisəni hələ heç bir xarici dövlətin üzərinə yükləmədən bunu İrəvanın daxili məsələsi və problem kimi dəyərləndirirəm. Hətta alternativ variant kimi fərziyyə irəli sürmək baxımından ki, bu, Ermənistana xaricdən gələn zərbədir, Azərbaycana aid olan hissəsi budur ki, bu nəyi dəyişəcək? Heç bir şeyi. Mükəmməl, yerində və zamanında icra etdiyimiz “Qisas” əməliyyatı bütün suallara cavab oldu. Şübhəsiz ki, Ermənistanda bəzi daxili və xarici dairələr bu hadisədən müxtəlif məqsədlərlə istifadə edəcək və edir də. Görünən odur ki, bunu daha geniş Rusiyameyilli və qərbyönümlü kontekstə də köçürürlər. Məsuliyyət əlbəttə ki, hazırki iqtidarın üzərindədir ki, təhlükəsizlik tədbirlərinə onlar cavabdehdirlər. Hər bir halda bu, Nikol Paşinyana daimi təzyiq vasitələrinin birinin də artmasına, güclənməsinə səbəb oldu, ya da edildi. Subyektiv qənaətim budur ki, xarici dairə belə bir vasitə ilə təzyiq etməz, çünki daha effektiv təzyiq metodları mövcuddur.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə Türkiyə tərəfinin xüsusi nümayəndəsi Serdar Kılıç da İrəvanda baş verən partlayışla əlaqədar olaraq başsağlığı verdi. Yanaşma budur: Bu, Ermənistanın uğursuzluğu, problemi ya faciəsi bir sözlə, adının nə qoyulmasından asılı olmayaraq daxili məsələsidir.
Günay İbrahimova / Sulh.info.az