“Çörəyin qiymətinin qalxması bir müddət idi ki, gözlənilirdi. Çünki son dövrlərdə qlobal iqtisadiyyatda baş verənlər, buğda istehsalçılarının ixracı məhdudlaşdırması, bundan əlavə istehsal həcmlərinin azalması, tədarükdə olan risklər, habelə məhsulların dünya bazarlarında məhdud satışının həyata keçirilməsi nəticəsində bu istiqamətdə müəyyən problemlər yarandı. Bu səbəbdən də qiymət artımı gözlənilirdi”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, buğdanın qiymətində dalğalanmaların olması, 2021–ci il göstəricələri ilə artımın müşahidə edilməsi nəticədə ərzaqlıq buğdanın, unun qiymətinin qalxmasına ciddi səbəblər yaratdı:
“Azərbaycan taxıl istehsalında öz daxili təlabatının 60%-ni ödəyir. Amma bu taxıl istehsalı, taxıla olan təlabatın ödənişi ərzaqlıq buğdaya deyil, ümumi buğdaya təlabatın 60%-dir. Amma ərzaqlıq buğdanın cəmi 15-20% həcmində ödəmək qabiliyyətinə malikdir. Ən yaxşı halda Azərbaycan un istehsalı zamanı istifadə etdiyi ərzaqlıq buğdanın hər 100 kq–dan cəmi maksimim 80–85 kiloqramını özü istehsal edə bilir, qalan hissəsini isə alırdı”.
Ekspert eyni zamanda qeyd edib ki, ilin sonuna doğru müəyyən yumşalmaların olması gözləniləndir:
“Böyük ehtimalla bu il sonuna qədər yumşalmalar olacaq. Ona görə ki, Ukrayna taxılının Türkiyə vasitəsi ilə dünya bazarlarına çıxışının təmin olunması müəyyən qədər psixoloji yumşalmalara gətirib çıxarır. Hazırda psixoloji faktorlar böyük rol oynayır. Bu ilin sonuna qədər artım davam edəcək, amma may, iyun aylarında olan artım sürəti ilə deyil. 2023–cü ilin mart, aprel, may aylarına doğru qlobal iqtisadiyyatda səngimələr müşahidə olunacaq”.
Eldəniz Əmirov həmçinin əlavə edib ki, çörəyin qiymətində 5–10 qəpiklik artım digər məhsulların qiymətinə təsir etmir. Sadəcə undan hazırlanan məhsulların qiymətlərinə təzahür edə bilər.
Günay İbrahimova / Sulh.info.az