​"Biz şəriət dövləti deyilik, hər kəs istədiyini geyinə bilər" - Mütəxəssis RƏYİ

​
14:20 22.08.2022
435 Sosial
A- A+

İsmayıllının Qalacıq kəndində sakinlərlə turistlər arasında kiçik insident yaşanıb. Dünən sosial şəbəkələrdə yayılan videoda da göründüyü kimi, hadisəyə səbəb turistlərin şortik geyinməsi olub. Ümumiyyətlə ölkəmizdə buna oxşar hallar daha əvvəllər də meydana gəlib.

Mütəxəssislər hadisə ilə bağlı "Sulh.info.az"a danışıblar. Sosioloq Lalə Mehralı bildirib ki, kişilərin şortik geyinməsi məsələsini bu qədər müzakirə etmək, gündəmə gətirmək müəmmalıdır:

“Biz nə, dini, nə də şəriətlə idarə edilən dövlətik. Bura demokratik ölkədir. Burada qaydalar, qanunlar həyata keçir. Azad düşüncəli, fikirli gəncin geyiminə kimsə qarışmaq ixtiyarında deyil, əgər o ətrafın rahatlığını və sabitliyini pozmursa. Videoda görünür ki, enli və qısa olmayan geyimdir. Bu halda bu gənclər o əraziyə niyə buraxılmır? Araşdırmaq lazımdır. Turistik bölgələrdən qazanc əldə edilir, bu biznesi öldürmək deməkdir. Bu məsələyə yerli idarəetmə sistemi əl atmalıdır. Qadınların geyindikləri şortiklər, kişilərin geyindiklərinin yanında olduqca qısa və dardır. Qadınlarda hər hansı məsələdə qadağa qoyulmursa, kişilərin şortik geyinməsinə niyə qadağa qoyulmalıdır. Hesab edirəm ki, hüquqlara ziddir”.

Bu məsələ ilə bağlı psixoloq Gülər Məmmədova söyləyib ki, geyim tərzi hər bir insanın özünə məxsusdur. İnsanın zövqü, geyimlə bağlı seçimi onun bir mənalı şəxsiyyətinə addir. Heç kimin ixtiyarı yoxdur ki, insan özü kimlərinsə fikrini soruşmadığı müddətdə kiminsə geyiminə müdaxilə etsin:

 “Bir çox insanlara “sənə yaraşmır”, “bizə uyğun deyil”, “yarıçılpaq geyinmisən”, “xaricdə özünü dəyişdirir”, “niyə avropalaşmısan” kimi müdaxilələr olur. Bu zidd davranışlar, həmin şəxsdə qəzəbə səbəb olur. Bəzi bölgələrdə özünü reallaşdıra bilməyənlərin, müstəqil olmayanların yaralı yerləri olduqlarına görə mütəmadi olaraq digərlərinə psixoloji təzyiqlər göstərirlər. Hətta ictimai qınaq kimi digər insanları da qızışdırıb həmin şəxsin üstünə salmaq istəyirlər. Bunlar çox yanlış yanaşmadır. İşin, çimərliyin, gəzintinin, hər bir yerin öz geyimi var. Bəzi insanlar da bu cür sərbəstlikdən məhrum olduğu üçün ona qıcıq ola bilir, insanlara bu formada yanaşırlar. Hiss olunur ki, həmin şəxslərin içərisində olan boşluq, nəsə narahatçılq var və onlardan əziyyət çəkirlər. Ona görə də başqaların həyatına qarışırlar”.

Günay İbrahimova / Sulh.info.az