Ötən gün millət vəkili Ceyhun Məmmədovun tələbələrlə bağlı təklifi olub. O bildirib ki, quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur
Sulh.info.az məsələ ilə bağlı mütəxəssislərin də fikrini öyrənib. Təhsil eksperti Elşən Qafarov saytımıza danışarkən bu təklifə qoşulduğunu bildirib:
“Dünyanın bir çox ölkələrində xaricdə oxuyan tələbələr nəqliyyat vasitələrindən istifadə edərkən, o cümlədə aviabiletlərdə bir sıra güzəştlər tətbiq olunur. Təəssüflər olsun ki, ölkədə yeganə aviaşirkət olan AZAL-ın biletlərlə bağlı məsələdə hər hansı güzəştlər etməsini görmürük. Mən inanmıram ki, AZAL tələbələr üçün güzəşt tətbiq etmiş olsun. Amma təklif reallığı əks etdirir. Kifayət qədər gəncimiz xaricdə təhsil alır, onlara 50% güzəştlərin edilməsi sosial müdafiə üçün müsbət addım olardı”.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, xaricdə təhsil alan, xüsusilə də qonşu ölkələrdə xeyli tələbələr çoxdur. Həmin tələbələrin artıq yay tətili başa çatıb, onların təhsil üçün xaricə getmələrinə çox az qalıb:
“Bu məsələdə dövlət, xüsusilə, bu ölkənin vətandaşlarının hesabına fəaliyyət göstərən aviaşirkətlər güzəştlər etməlidir. Bu cür güzəştlər dünyanın müxtəlif ölkələrində xüsusilə də Avropa ölkələrində var. Tələbələrə üçün xüsusi güzəştlərin olması olduqca vacibdir. Ən azından bu güzəştlər tələbə biletini təqdim edən tələbələrə olmalıdır. Fikirləşirəm ki, özəl universitetlərdə təhsil alan tələbələr üçün olunmasa belə, dövlət universitetlərində təhsil alan tələbələr üçün bu cür güzəştlər olunmalıdır. Bu uşaqlar bizim gələcəyimzidir. Onlar təhsillərin başa vurduqdan sonra bu ölkəyə qayıdacaqlar. Xalqa, dövlətə xidmət göstərəcəklər. Nəzərə alsaq ki, quru sərhədləri bağlıdır. Quru sərhədləri də açılmalıdır. Biz bu gün gənclərimizə nəyi veririksə, sabah da geri alacayıq. Quru sərhədlərin açılması gündəmə gəlməlidir. Demək olar ki, bir çoxları qiymətlər bahalaşmadan biletləri alıbar. Əsas da tələbələrin çoxu Türkiyədə təhsil alır. Və Türkiyəyə gedilməsi üçün biletlərin bu qədər baha olması absurddur. Təhsil üçün qapılar açılmalıdır. Bu məsələdə sanki, dövlət başçısının tapşırığı olmalıdır, şirkət sahibləri hara baxır?"
Günay İbrahimova / Sulh.info.az