​Qayınatasının qətlə yetirdiyi qadınla bağlı yeni faktlar – YENİLƏNİB + VİDEO

​Qayınatasının qətlə yetirdiyi qadınla bağlı yeni faktlar
12:07 23.08.2022
281 Hadisə
A- A+

Daşkəsən rayonunun Bayan kəndində qadının qayınatası tərəfindən qətlə yetirilməsinin bəzi məqamları bəlli olub.

Oxu.Az-a Bayan kəndinin bələdiyyəsindən verilən məlumata görə, Nəzakət Həsənova ilə qayınatasının mülk üstündə davası olub:

“Onlar Bakıda kirayədə yaşayırdılar. Əri tikinti şirkətində fəhlə işləyirdi. Tez-tez də kəndə gəlib-gedirdilər. Bu dəfə sənədlərini düzəltmək üçün gəliblərmiş. Hadisə baş verən vaxt gəlinin yoldaşı küçədə kəndlilərlə söhbət edirmiş. Həmin vaxt Məhəmmədəli Mustafayev arvadına pul verib ki, gedib kartof alsın. O gedən kimi də gəlini bıçaqlayıb öldürüb. Aralarında həmişə mülk üstündə mübahisə yaşanırmış, gəlin evdən onlara da pay verilməsini istəyirmiş, kişi də razılıq vermirmiş”.

Bələdiyyə nümayəndəsi Məhəmmədəli Mustafayevin psixoloji problemləri olduğunu da vurğulayıb:

“Nəzakət İmişli rayonundandır. Həmin gün yoldaşıyla Bakıya qayıtmağa hazırlaşırmış. Amma kişi imkan vermədi. Dünən prokurorluq əməkdaşları gəldilər, istintaq aparıldı. Gəlinin yaxınları gəlib meyiti apardılar. Nəzakət Məhəmmədəlinin ikinci gəlini olub, yəni oğlu bundan əvvəl bir dəfə ailəli olub, amma kişi onları da ayırıb, məcburi boşadıb.

Məhəmmədəli Mustafayev gəlinini bıçaqlayandan sonra “102” “qaynar xətt”inə zəng edərək təslim olmaq istədiyini bildirib. Poçtun yanında polisin onu həbs eləməsini gözləyib. Kişinin psixoloji problemləri vardı, hətta deyəsən, bununla bağlı əlində sənədi də olub. Təxminən 10 il bundan əvvəl evdə öz arvadını bıçaqlayıb, oğluna şiddət göstərib. Həmin hadisəyə görə də həbs edilib. Azadlığa çıxandan sonra isə heç bir psixoloji dəstək almayıb. Bağda qoyun otarırdı, çobanlıq edirdi”.

***

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.

Qətlə yetirilənin qaynanası "Real TV"yə bildirib ki, evdən kartof almaq üçün çölə çıxıb və qayıdanda qətlin baş verməsinin şahidi olub.