Yaxın günlərdə ABŞ-da yaşayan rusiyalı jurnalist Andrey Piontkovski bildirdi ki, Rusiya lideri Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xerson işğalçılardan azad edilməli və Krım körpüsü dağıdılmalıdır. Ümumiyyətlə Ukraynadakı müharibə Rusiya hökumətində hər hansı ciddi dəyişikliyə səbəb ola bilər?
Sulh.info.az xəbər verir ki, bununla bağlı politoloq Oqtay Qasımov saytımıza danışıb. O bildirib ki, Rusiyanın tarixi belə hadisələrlə zəngindir. Rusiya qalib çarı çox sevir və ona bağlıdır. Amma məğlub olan lideri sevmir və hakimiyyətdən getməsi üçün fəaliyyətə başlayır:
“Biz bunu 1904-1905-ci illərdə Rusiya-Yapon müharibəsində də tarixdən bilirik. Eyni zamanda Birinci Dünya savaşının sonlarına doğru Rusiya məğlub olanda hakimiyyət dəyişikliyi baş verdi. Və 90-cı illərdə Çeçenistan müharibəsində ciddi şəkildə məğlub olan Rusiya prezidenti 1996-cı ildə çox çətinliklə öz hakimiyyətini qoruya bildi. Hazırda Ukraynada gedən müharibə Putinin hakimiyyətinə müəyyən qədər təsir edir. Amma Rusiya hakimiyyəti kifayət qədər möhkəmdir. Əgər Ukraynada savaş Rusiyanın planları üçün getməyəcəksə, ki, hazırda getmir, Ukrayna qələbə çalsa, rus ordusunu məğlubiyyətə uğratsa, öz ərazi bütövlüyünü təmin edib rus ordusunu tamamilə öz ərazisindən çıxarsa, Putin başda olmaqla, Rusiya hakimiyyətinin mövqeyinə ciddi mənfi təsir edəcək. Bu hakimiyyətin dəyişməsinə gətirib çıxaracaq. Bütün məsələlər Ukraynadakı savaşın nəticələrindən asılı olacaq”.
Politoloq Tural İsmayılov isə Ukraynada olan müharibə hansısa formada Rusiyada böyük dəyişikliklərə səbəb ola bilməyəcəyini deyir:
“Rusiyaya qarşı hansısa sanksiyaların Rusiyada hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini güman etmək yanlış olardı. Şimali Koreyaya Rusiyaya tətbiq edilən sanksiyalardan 5-10 qat artıq sanksiyalar tətbiq edilir, amma heç bir hakimiyyət dəyişikliyi ilə nəticələnmir. İstənilən halda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyanın Ukraynaya böyük addımlar atmağına qarşı çəpər rolu oynayır. Bu gün Rusiya Ukraynaya qarşı daha dağıdıcı addımlar atmırsa, səbəb dünya birliyinin Rusiyaya qarşı kəskin mövqe qoymağıdır”.
Günay İbrahimova / Sulh.info.az