Ölən uşaq dirilib, yenə ölüb.
Sulh.info.az xarici mediaya istinadən xəbər verir ki, öldüyü güman edilən kiçik qızın dəfn mərasiminə qatılanlar həyatlarının şokunu yaşayıblar.
Qəribə hadisə Meksikanın Villa de Ramos şəhərində baş verib. 3 yaşlı Camila Roksana qusma və yüksək hərarətdən əziyyət çəkdiyi üçün ailəsi tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tibbi yardım göstərsələr də, ailəsinə uşağı başqa xəstəxanaya aparmalarını tövsiyə ediblər.
Lakin kiçik qız müalicələrə baxmayaraq qusmağa davam edib. Bundan sonra anasından ayrılan balaca ölüb. Ailəsinə isə onun susuzluqdan ölməsi məlumatı verilib. Böyük kədər yaşayan ailə dəfn mərasimi üçün bir araya gələrkən həyatlarının şokunu yaşayıb.
Belə ki, uşağın anası kiçik qızının tabutunun pəncərəsinin tərlədiyini görüb. Eyni zamanda uşağın nənəsi balaca qızın gözlərini tərpətdiyini deyib. Tabutu dərhal açan ailə balaca qızlarının nəbzinin döyündüyünü görərək, yenidən təcili yardım çağırıb. Ölməmiş kimi görünən kiçik qız təcili olaraq Salinas de Hidalqo xəstəxanasına aparılıb.
Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, balaca qızı xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, qız beyin durması səbəbindən dünyasını dəyişib.
Daha sonra ailə xəstəxananı səhlənkarlıqda ittiham edib. Meksika polisi isə hadisənin araşdırıldığını və cəsədin yarılmasının aparılacağını bildirib. (Azxeber)