​Müəllimlərin sertifikasiyası: "Zəif müəllimlər kənarda qalacaq..." - Ekspert RƏYİ

​Müəllimlərin sertifikasiyası:
14:17 25.08.2022
470 Ölkə
A- A+

"Müəllimlərin sertifikasiyasının keçirilməsi çox doğru qərardır. Sertifikasiya həm zəif müəllimlərin məktəbdən kənarlaşdırılmasına səbəb olur, həm də bunun nəticəsində təhsilin keyfiyyəti yüksəlir. Biz xeyli vaxtdır bunu tələb edirdik, amma cəmiyyətin buna münasibəti fərqli oldu. Hətta sertifikasiyanın yanlış olması ilə bağlı müəllimlər sosial şəbəkələrdə iddialar səsləndirirlər".

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov deyib. O qeyd edib ki, təhsilin inkişafı ilə bağlı dövlət başçısının imzası ilə təsdiq olunan strategiyada müəllimlərin əmək haqlarına yanaşmasında deferensasiyanın tətbiq olunması məsələsi var və bu o zaman real ola bilər ki, müəllimlərə verilən maaşlarda fərqliliyi o zaman tətbiq etmək olar ki, nəticələr olsun:

Yanaşma doğrudur. Bu bütövlükdə təhsil sistemini əhatə etməlidir. Beləliklə, biz keyfiyyətli müəllimləri saxlamaqla təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilərik. Düşünürəm ki, bu sertifikasiya həyata keçirilən zaman hər hansı mexaniki hal, neqativ hallar, tapşırıq kimi hallar mümkün deyil. Və Azərbaycanda məktəblərində heç kimə sirr olmayan faktlar;  saxta diplomlar, savadsız müəllimlər, vaxtilə rüşvətlə tapşırılan müəllimlər var ki, uzun illərdir təhsil sistemini iflic vəziyyətə gətiriblər. Hesab edirəm ki, onlara qarşı ən doğru mübarizə yolu sertifikasiyadır. Eyni zamanda sertifikasiyanın nəticələrinə görə müəllimlərin əmək haqqı artırılmalıdır. Hesab edirəm ki, müəllimlərin maaşları aşağı deyil, amma yüksək də deyil. Sertifikasiyadan nəticələrinə əsaslanaraq maaşlar bir neçə dəfə yüksəldilməlidir. Kimin nəticəsi yaxşıdırsa, əmək haqqı da yüksək olmalıdır".

İlqar Orucov bildirib ki, elə sistem qurulmalıdır ki, valideyn və şagird müəllimi özü seçsin. Beləliklə zəif müəllim kənarda qalacaq və işləyə bilməyəcək. Bu zaman müəllimlər arasında rəqabət güclənəcək:

"Sertifikasiya qaydalarında ola bilər hər hansı qüsurlar var. Hesab edirəm ki, sertifikasiya qaydaları pis deyil, amma ola bilsin ki, mükəmməl də deyil. Əgər hər hansı qüsurlar varsa, onlar aradan qaldırılmalı və daha mükəmməl sertifikasiya qaydaları tətbiq olunmaldır. 5 ildən bir sertifikasiyanın keçirilməsi doğrudur. Prosesin təkmilləşdirilməsinə hər zaman ehtiyac olacaq, çünki, cəmiyyət dəyişib, inkişaf edir.

Günay İbrahimova / Sulh.info.az