​Azərbaycanda erməni dili dərsləri keçirilməlidir? - Mütəxəssislərdən AÇIQLAMA

​Azərbaycanda erməni dili dərsləri keçirilməlidir? - Mütəxəssislərdən
15:18 22.09.2022
456 Sosial
A- A+

Deyirlər ki, düşmənini tanımaq üçün gərək onun dilini yaxşı biləsən. Əzəli düşmənlərimiz olan ermənilər dilimizi öyrənmək üçün məktəblərdə xüsusi dərslər təşkil edirlər. Ölkəmizdə isə erməni dili tədris olunmur və bu məsələyə münasibətlər fərqlidir.

Mövzu ilə bağlı Sulh.info.az-a danışan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmliyə görə, erməni dili akademik səviyyədə öyrənilməlidir:

“Düşünürəm ki, bəlli bir səviyyədə erməni dili də, erməni təbliğatının xüsusiyyətləri də öyrənilməlidir. Yüz ildən çoxdur ki, birbaşa Azərbaycan xalqı üçün erməni separatizm, erməni siyasəti təhlükə yaradır. Ona görə də, bizim bu təhlükənin sosiologiyasını, onun köklərini, mahiyyətini öyrənməyimiz çox vacibdir. İkinci bir tərəfdən də, bilirik ki, ermənilər çox saxta, qondarma bir tarix yaradır, bunu şəbəkələşdirir və özləri də inanaraq yayırlar.

Bütün ali məktəblərdə tədris edilməsə belə, ixtisas olmalıdır ki, bu dili öyrənən olsun. Məsələn, AMEA-da Qafqazşünaslıq İnistitutu var ki, orada erməni tarixi və onunla əlaqəli olan tarixlər öyrənilir. Bu çox yaxşı haldır. Necə ki, biz müəyyən mənbələri oxumaq üçün fars, ərəb dili öyrənirik, eyni zamanda erməni dili də akademik səviyyədə öyrənilməlidir.

Ermənistanda kimə yaxınlaşsaq, xüsusilə də orta və yaşlı nəslin nümayəndələri hamısı Azərbaycan dilini yaxşı bilirlər. Həmçinin Azərbaycanda yaşayan ermənilər də bizim dilimizi yaxşı biliblər. Bizi sevdikləri üçün yox, mühitə uyğunlaşmaq, bizim psixologiyamızı dərindən öyrənmək, bizə təsir etmək üçün öyrənirdilər. Ona görə düşünürəm ki, bizim də erməni dilini öyrənməyimiz normal qəbul edilməlidir".

Hesab edirəm ki, orta məktəblərdə erməni dilinin tədrisinə ehtiyac yoxdur. Amma xüsusi ixtisaslaşmış təhsil məktəbləri ola bilər ki, birbaşa aidiyyati qurumlar, məsələn, Milli Təhlükəsizlik Nazirliyi Akademiyası var və orada bu dilin öyrənilməsi vacibdir. Yaxud universitetlərdə erməni dilinin bir ixtisas olaraq tədrisi həyata keçirilə bilər”.

Politoloq Elxan Şahinoğlu da bu məsələyə eyni mövqedən yanaşıb. Bildirib ki, ermənilər tez-tez dezinformasiya yayırlar və biz erməni dilini bilməklə Ermənistan daxilində gedən proseslərdən xəbərdar olmuş olarıq:

“Mən bu fikirlə razıyam ki, düşmən dilini bilmək lazımdır. Mən 90-cı illərdə iki dəfə İrəvanda oldum və orada xeyli sayda gəncin ali təhsil ocaqlarında bizim dilimizi öyrəndiyini, təmiz danışdıqlarını özüm müşahidə etdim. Çünki onlar da eyni prinsiplə çıxış edirlər ki, düşmən dilini bilmək lazımdır.

Bəzən ölkəmizlə bağlı dezinformasiya yayılır ki, bu məhz azərbaycanca danışa bilən qruplar tərəfindən həyata keçirilir. Azərbaycanda da bu iş yüksək səviyyədə həyata keçirilməlidir. Məktəblərdə tədris olunmasa belə, ali təhsil ocaqlarında tədris oluna bilər".

"Daha çox Beynəlxalq münasibətlər və bu kimi fakültələrdə erməni dilinin tədris edən kurslar təşkil olunmalıdır. Bu da məcburi şəkildə deyil, könüllü şəkildə marağı olan şəxslərin cəlb olunması ilə həyata keçirilməlidir. Yüksək səviyyədə ermıni dili tədris olunmalıdır ki, biz də düşmən dilini bilək.

Çünki biz bəzən erməni saytlarına baxırıq, rusca tərcümələrlə verilmiş informasiyalarda onlar bəzi məsələləri işıqlandırmırlar. Amma biz erməni dilini bilsək, Ermənistan daxilində gedən bütün proseslərdən xəbərdar olmuş olarıq. Təəssüflər olsun ki, Azərbaycanda erməni dilini bilən çox az sayda mütəxəssis var. Bu insanların biliklərindən istifadə olunmalıdır”.

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Adil Vəliyev də erməni dilinin orta məktəblərdə tədris olunmasına ehtiyac olmadığını düşünür:

“Düşünürəm ki, hazırda Azərbaycan məktəblərində erməni dilinin tədris olunması bir o qədər də effektli olmayacaq. Çünki biz hazırda övladlarımıza vətənpərvərlik ruhunu, vətən sevgisini aşıladığımıza görə, onlar ermənilərə düşmən gözü ilə baxırlar. Əgər erməni dilini məktəblərdə şagirdlərə tədris etməyə çalışsalar, o dili kimsə öyrənməyəcək, çünki erməni sözünü eşitmək uşaqların xoşuna gəlmir.

Ona görə də, biz məktəblərdə nə qədər izah etməyə çalışsaq da ki, biz düşmənin də dilini öyrənməliyik,  bu bizə gələcəkdə üstünlük verə bilər, sözsüz ki, bunu bir azyaşlı məktəbli başa düşməyəcək. Yuxarı siniflərdə tədris alan şagirdlərə gəldikdə isə, düşünürəm ki, bu hər hansı bir abituriyent üçün bu məsələ maraqlı deyil. Artıq 8-9-cu siniflərdə təhsil alan şagirdlər yiyələnmək istədikləri ixtisas üzrə, aşağı siniflərdə isə rus, ingilis kimi xarici dillərdən hazırlıqlara getdiklərinə görə bu dil onlar üçün maraqlı deyil".

"Düşünürəm ki, erməni dili bizim övladlarımız üçün o vaxt maraqlı olar ki, onlar universitetə qəbul olunmuş bir gənc olsunlar. Onlar müəyyən bir yaş həddini keçdikdən sonra müəllimlər onlara izah etdikləri zaman başa düşəcəklər ki, biz düşmən dilini də bilməliyik. Çünki gələcəkdə bu dili bizim lehimizə çevirə bilərik.

Məsələn, müharibə şəraitində biz bunu gördük ki, ermənilər çox gözəl azərbaycanca danışa bilirlər və bizim dediklərimizi çox gözəl şəkildə başa düşürlər, analiz edə bilirlər. Düşünürəm ki, erməni dili məktəbdə yox, ali təhsil müəssisələrində keçirilsə daha yaxşı olar, həm öyrənmək daha rahat olar, həm də niyə bu dili öyrəndiyimizi daha yaxşı başa düşərik”.

Fidan Ali / Sulh.info.az