Özgüvən duyğusu insan üçün mühüm əhəmiyyət kəsb edən duyğudur. Amma hər insan özgüvənli ola bilmir. Nəticədə özgüvən əksikliyi olan insan özünə inanmamağa, özündən şübhələnməyə başlayır və sevilmədiyini düşünür. Bəs özgüvən problemi necə yaranır?
Mövzu ilə bağlı Sulh.info.az olaraq mütəxəssislərin fikrini öyrəndik. Klinik psixoloq Gülşən Rüstəmovaya görə, özgüvənli olmaq üçün birinci növbədə insan özünün fərqində olmalıdır:
“Son zamanlar sosial şəbəkələrdə, ümumiyyətlə hər yerdə özgüvən mövzuları ilə bağlı çox insan çıxış edir. Hərə öz bildiyi tərzdə çıxış etməyə çalışır. Kənardan baxana elə gəlir ki, hər bir insan özgüvənini qaldırmalıdır. Özgüvən istər süni şəkildə, istərsə də təbii şəkildə maksimal səviyyəyə çatdıqdan sonra həyat fəaliyyəti, şəraiti dəyişəcək. Bunu insanların rahat başa düşməsi üçün sadə dillə izah etməyə çalışmalıyıq. Çünki bir insana “Özgüvənin olmalıdır” deyən zaman ona psixoloji olaraq təsir edir. Nəticədə düşünür ki, mənim özgüvənim yoxdur və mənim heç bir nailiyyətim olmayacaq. Özgüvənli olmağın yolu özdəyərdən keçir. Özdəyər bir şeyə dəyər vermək onu analiz etmək, yəni dəyərini bilmək deməkdir. Amma biz öz dəyəri hər kəsdən çox bizə verilən dəyər hesab edirik.
Ətrafımızda özünü həqiqətən dəyərləndirə bilən nə qədər insan var? Özünün dəyərini verə bilmək üçün insan hansı xüsusiyyətlərə malik olmalıdır? Bu da sualın ən gözəl hissəsi və özəyidir. İnsan ilk növbədə özünün fərqində olmalıdır. Öz fərqindəlik nə ilə səciyyə olunur? deyə sual yaranır. Öz fərqindəlik insanın daxilində baş verən təlatüm, hiss, qorxu, həyəcan, təşviş, sevinc, başqa emosiyalar, ətraf mühitə olan münasibət, ətraf mühitdən alınan mühitin enerjinin paylanması deməkdir. İnsan o zaman öz fərqində olur ki, həqiqətən özünü ifadə edə bilsin. Əksəriyyətimiz özümüzün fərqində deyilik. Çünki biz ictimai mühitdə yaşayırıq. Həm ictimai mühitin tələblərinə uyğun övlad yetişdirmək istəyirik, həm də özümüzü ictimai mühitin tələblərinə uyğun çərçivələrə salmaq istəyirik. Çox vaxt burada biz özümüzü, öz fərdiliyimizi, individuallığımızı itiririk. Fərqində olmadan hansısa pafoslu ifadələrə aldanaraq özümüzdə olmayan dəyərləri, xarakteri və onun ünsürlərini özümüzünki hesab edirik. Şüuraltımız əmindir ki, bu xüsusiyyətlər bizdə yoxdur. Ona görə də özümüzü ifadə edən zaman sanki içimizdə bir təlatüm baş verir. Axı biz buna daxildən inanmırıq. Bütün duyğularımızla, ruhumuzla bundan əmin deyilik. Belə olduqda isə heç vaxt özgüvənli ola bilmərik. Deməli, öz güvənli olmağın əsas prinsipi öz fərqindəlikdir”.
Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Lalə Mehralı isə düşünür ki, özgüvən hissi uşaqlıqdan formalaşdırılmalıdır:
“Bu xüsusiyyət uşaqlıqdan aşılanmalıdır. Cəmiyyət olaraq tərbiyə məsələsində buna əhəmiyyət vermirik, övladlarımızı özgüvənsiz böyüdürük. Bunu bəzən şüurlu, çox vaxt isə qeyri-şüurlu şəkildə edirik. Övladımızı hər şeydən qoruyacağıq deyə güvənsiz mühitdə böyüdürük. O, özünə güvənməyi uşaq yaşdan öyrənə bilmir. Çünki onu tək başına harasa göndərmirik, məsuliyyət hiss etsin deyə məsuliyyətli iş həvalə etmirik. El misalımız var: “Qorxan gözə çöp düşər”. Biz də övladımızı qorxaraq böyütdüyümüz üçün gələcəkdə özgüvən problemləri yaranır. Artıq məktəbi bitirib tələbə adını qazanmış övladlarımız özgüvən problemləri yaşadığına görə cəmiyyətdə özlərini tapa, öz fikirlərini bildirə, var olduqlarını sübut edə bilmirlər. Bu da onların qarşıdakı həyatlarına öz təsirini göstərir. Növbəti mərhələdə özgüvənsiz iş həyatına başlamaq məcburiyyətində qalırlar. Özlərindən üst səviyyədə çalışan rəhbərləri onları bu xüsusiyyətinin olmadığının fərqinə vardıqca onları daha çox əzir, rişxənd edir.
Düşünürəm ki, hələ baxça yaşlarından uşaqlara özgüvən hissi aşılanmalıdır. Bu prosesi övladımızın özgüvən hissi tam formalaşana qədər davam etdirməliyik. “Sən bacararsan”, “Sən edərsən”, “Sən bunu etmək üçün cəhd etməlisən”, “Sən bu potensiala sahibsən” kimi cümlələrlə əslində fərqində olmasaq belə onlara dəstək veririk. Bizim üçün sadə cümlələr, onlar üçün böyük əhəmiyyətə malikdir”.
Fidan Ali / Sulh.info.az