​"Sərbəstlik istədiyin hər şeyi edə bilmək deyil" - Psixoloq

​
14:28 21.10.2022
449 Sosial
A- A+

“Son zamanlar azyaşlı uşaqlara sərbəstliyin verilməsi ilə bağlı çox pafoslu cümlələr eşidirik. Hər kəs uşaqlara sərbəstlik vermək lazım olduğunu deyir. Amma ilk olaraq bilməliyik ki, bu sərbəstlik nədir? Biz bunun fərqindəyik? Bir valideyn olaraq biz sərbəstik? Cəmiyyətin basqısı altında əzilən valideyn sərbəst uşaq böyütməyin nə demək olduğunu bilir?”

Sulh.info.az xəbər verir ki, bu sözləri valideyn-övlad münasibətlərində uşaqlara sərbəstliyin verilməsi ilə bağlı saytımıza danışan kliniki psixoloq Gülşən Rüstəmova deyib:

“Biz uşaq tərbiyə etmək istəyiriksə, ilk olaraq tərbiyəyə özümüzdən başlamalıyıq. Çünki uşaq ailəsində gördüyünü təbliğ edəcək, ona təqlid olunanı tətbiq edəcək. Əgər sən övladına bir şeyi sözlə başa salmağa çalışıb, özün onun əksi olan bir əməl edirsənsə, heç vaxt uşaqdan sənin dediyini etməsini gözləmə. Uşaq gördüyünü edəcək. Cəmiyyətdə nə qədər sərbəst insan var? İstər işi, istər xarici görünüşü, istər düşüncələrini paylaşan, istərsə də öz hüquqları və vəzifələrini bilən nə qədər sərbəst insan tanıyırıq?

Biz “sözünü heç kəs bilməsin”, “sağ əlin verdiyini sol əl bilməsin”, “heç kəs görməsin, bilməsin”, “sevincini, kədərini içində yaşa” və s. sözlərlə böyümüş valideynlərik. Biz uşaqlarımıza da eyni təbliğatı göstərəcəyik. Yəni bugünki valideynlər sərbəstlikdən danışa bilməzlər. Onlar uşaqlara necə sərbəstlik vermək lazım olduğunun fərqində deyillər. İnsanlar sərbəstliyin nə olduğunu bilmirlər. Təəssüf ki, insanlar sərbəstlik dedikdə hər istədiyini edə biləcəyini düşünür. Sərbəstlik istədiyin hər şeyi edə bilmək deyil, etmək istəmədiyin bir şeyin fərqində olmaqdır. Bəlkə də qəribə rezonans yaradacaq bir faktdır. Amma həqiqət budur”.

Psixoloqun sözlərinə görə, azyaşlı uşaqları öz fikrini bildirdiyinə görə dəstəkləməli, fikrini ifadə etmək hüququnun olduğunu bildirməliyik. Amma bunun psixoloji tərəflərini də diqqətdə saxlamalıyıq:

“Azyaşlı uşaqlar fikirlərini sərbəst ifadə edirlərsə, biz bunun psixoloji tərəflərini nəzərə almalıyıq. Çünki uşaq yanlış bir fikir ifadə edə, düzgün olmayan informasiyanı çatdıra bilər. Amma buna baxmayaraq, biz fikirlərini ifadə etdiyi üçün onları dəstəkləməliyik. Onlara qarşı "afərin", "öz fikrini bildirməyə haqqın var", "sən yaxşı ki, düşüncəni bizimlə bölüşdün", "amma düşüncələrinin bəzi hissələrində yanlışlıqlar var", "ifadə etdiyin fikrin bu sözləri etik normalara uyğun deyil" kimi cümlələr işlədilməlidir. Onlara bu informasiyanı haradan əldə etməsi ilə bağlı sual ünvanlaya bilərsiniz. Övladımıza bunu elə hiss etdirməliyik ki, onlar fikirlərini ifadə etdikləri üçün bizim xoşbəxt olduğumuzu bilsinlər. Onlara izah etməliyik ki, gördüklərindən, yaşlarından dolayı yanlış fikirə sahib ola bilərlər. Bu çox normaldır”.

Fidan Ali / Sulh.info.az