“Bütün bu proses əslində Britaniyadakı mühafizəkar partiya içərisindəki fikir ayrılığını və onların hakimiyyətə nə qədər hazırlıqsız olduğunu göstərir. Belə ki, Liz Trass məhz hakimiyyətə gələn gün Britaniyada neft və qaz yataqlarının işlənməsi ilə bağlı sərəncam verdi. Halbuki həmin günlərdə kraliçanın dəfn mərasimi keçirilirdi”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Britaniyanın baş naziri Liz Trassın istefa verməsi ilə bağlı saytımıza danışan politoloq Turab Rzayev bildirib:
“Tələsik dəfn mərasimindən istifadə edərək böyük neft maqnatlarının, biznes sahiblərinin, iri sərmayənin, iri maliyyə oliqarxiyasının tələblərinə uyğun gizlin belə bir qərarın alınması Britaniya cəmiyyətində çox xoş qarşılanmadı. Daha sonra iqtisadi qərarlar verildi və qərarlar isə daha çox Tramp qərarlarına bənzəyirdi. Belə ki, kiçik və orta biznes deyil, məhz sırf böyük biznesin vergilərini aşağı salmağa çalışdılar. Aydın məsələdir ki, bu büdcə kəsirləri yaradır və bunun qarşısını almaqla bağlı onların heç bir planı yox idi. Nəticədə nə baş verdi?
Həm Britaniyanın funtsterlinqi dəyərini itirdi, həm də birjalar alt-üst oldu. Yenidən bu qərarı geri çəkmək məcburiyyətində qaldılar. Bütün günahı iqtisadiyyat nazirinin üzərinə yıxaraq onun istefasını tələb etdilər. Əlbəttə ki, bu baş naziri məsliyyətdən azad etmədi. Çünki ölkə iqtisadiyyatını bu qədər tanımamaq və yaxud bu qədər düşünülməmiş qərarlar vermək doğru addım deyildi. Əgər sənin büdcə ilə bağlı əlavə bir resursun yoxdursa, böyük şirkətləri vergidən azad edərək, onun yerini nə ilə doldura bilərsən?
Yəni yenə də kiçik və orta kəsimli əhalinin aşağı təbəqələri daha çox vergiyə cəlb ediləcək. Bu neolokal siyasət yaradır, hansı ki, Trampın ABŞ-da bununla bağlı müəyyən resursları var, onun dollar kimi güclü aləti var. Bu neolokal siyasət İngiltərədə əslində baş nazirin sadəcə böyük biznesə lobbiçilik etdiyini, əslində isə heç bir qabiliyyəti olmadığını, hətta ölkə iqtisadiyyatını tanımadığını, nələrin baş verə biləcəyi haqqında ilkin təsəvvürlərinin belə olmadığını göstərdi. Yəni bu qərarı verib, onun Britaniya valyutasına, iqtisadiyyatına təsir edəcək nəticələrindən xəbərsizdir. Bu zaman yaranacaq büdcə boşluğunu doldurmaqla bağlı ümumiyyətlə heç bir fikri yoxdur. Sadəcə böyük biznesin maraqlarına uyğun olaraq kraliçanın dəfnindən istifadə edib, neft yataqlarının istismarına icazə verdi, daha sonra da böyük şirkətləri vergidən azad etdi. Bununla da özünün sonunu hazırladı. Yəni fəaliyyət göstərən və istefa verən ən gənc baş nazir oldu”.
Politoloqun sözlərinə görə, bu məsələdə də Rusiyanın təsirinin olduğunu düşünə bilərik:
“Boris Consonun şanslarını çox yüksək qiymətləndirməzdim. Amma bir məsələ var ki, Britaniyada artıq demək olar ki, uyğun namizəd qalmayıb. Yəni sonuncu bir az uyğun namizəd Liz Trass idi. Artıq o da istefa verdikdən sonra başqa bir uyğun namizəd olmadığına görə, Boris Conson yenidən səhnəyə atılmaq istəyə bilər.
Ümumiyyətlə, bütün bunların həm də Rusiya ilə bağlılığına inanıram. Rus kəşfiyyatının məhz bu işdə müəyyən rol oynadığını görürəm. Rusiyanın ən böyük hədəfi daha çox millətçi partiyaların əli ilə məhz Avropa ölkələrində belə siyasi qeyri-etabillik yaratmaqdır. İtaliyada, Fransada, Almaniyada, Avstriyada, Çexiyada qarışıqlıq yaradır ki, bu ölkələr daxili problemlərlə məşğul olub Ukrayna cəbhəsindən çəkilsinlər. Ukraynanın ən böyük tərəfdarı məhz Boris Conson idi. Liz Trass da bu siyasətinə davam edəcəyinə söz vermişdi. Hər iki liderin bu formada sıradan çıxarılması əslində bu məsələnin dərinlərində Rusiyanın təsirinin ola biləcəcəyini deməyə əsas verir”.
Fidan Ali / Sulh.info.az