ABŞ-da keçirilən hərracda 1913-cü ilin istehsalı olan nadir sikkə 4,2 milyon dollara (7 140 000 manata) satılıb.
Bu barədə "Fox Business" yazır.
Belə ki, böyük "GreatCollections" hərrac evi tərəfindən alınan və "Uoltonun Azadlıq Başı" adlanan 5 sentlik sikkə kolleksionerlərə məlum olan 5 sikkədən biridir.
Smitson İnstitutunun tədqiqatçıları hesab edirlər ki, sikkələr 1913-cü ilin əvvəlində istehsal olunub, lakin bir tərəfində Azadlıq heykəlinin başı, digər tərəfində V rum rəqəmi olan dizayn istifadədən çıxarıldığı üçün dövriyyəyə buraxılmayıb. Sikkələrin dəqiq sayı bilinmir, əldə olan 5 nüsxə isə ən nadir və bahalılardan hesab olunur.
Kolleksioner Corc Uoltonun şərəfinə "Uoltonun Azadlıq Başı" adlanan bu sikkə yalnız 2003-cü ildə aşkarlanıb, bundan öncə isə 1960-cı illərin sonlarında avtomobil qəzasında vəfat edən keçmiş sahibinin şkafında 40 ildən çox qalıb. 2003-cü ildən sikkə sahibini bir neçə dəfə dəyişib. Sonuncu dəfə bu artefaktı 2018-ci ildə bir ailə alıb.