Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı biznesmenlərə, oliqarxlara, habelə onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Siyahıya daxil olan şəxslərin əksəriyyəti Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslər hesab olunur. Ümumilikdə siyahıya 256 nəfər daxil edilib. Onlar arasında milyarderlər Roman Abramoviç, keçmiş həyat yoldaşı Daşa Jukova, Vladimir Lisin, “Novoteka”nın sahibi Leonid Mixelson, Gennadi Timçenko, Süleyman Kərimov, Mixail Proxorov, Leonid Fedun, Dmitri Rıbolovlev, Rotenberq qardaşları, milyarder Mixail Qutseriyevin ikinci oğlu Səid Qutseriyev, Yelena Baturina, Yevgeni Kasperski, Azərbaycan əsilli iş adamı, “Lukoyl” prezidenti Vahid Ələkbərovun yeganə övladı Yusif Ələkbərov və onun ailə üzvləri, İrina Viner-Usmanova, Tatyana Bakalçuk və başqaları yer alıb.
Bu şəxslərə qarşı qoyulan məhdudiyyətlərə əmlaklarını əldən çıxartmaqdan məhrrum etmə, ticarət əməliyyatlarının, uçuşların və Ukrayna ərazisindən daşınmanın tamamilə dayandırılması, dövlət mükafatlarından məhrum edilməsi, ərazi satın almalarına qadağa kimi tədbirlər daxildir.
Siyahıda R.Abramoviçin adı ona qarşı sanksiyaların xüsusi əməliyyat nəticəsində “əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi proseduru başa çatdıqdan sonra tətbiq olunduğu” qeydi ilə müşayiət olunur.
Qeyd edək ki, Zelenskinin sanksiya siyahısına rusiyalı sahibkarlarla yanaşı, məmurlar, jurnalistlər və şou-biznes nümayəndələri də daxildir. Ulduzlar arasında Ukraynanın Xalq artistləri Ani Lorak, Taisiya Povaliy, müğənni Anna Sedokova, teleaparıcı Regina Todorenko da var. Sanksiyalardan yan keçməyən rusiyalı məşhurlar arasında isə Oleq Qazmanov, Nadejda Babkina, Timati, Yuliya Çiçerina, Lev Leşşenko, Qarik Xarlamov, Olqa Buzova, Nikolay Baskov, Stas Mixaylov və başqaları yer alır.